Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Polad Mehdi,
Hüquqşünas, siyasi təglilçi
Bu gün Ermənistan–Azərbaycan sülh prosesində reallıq ondan ibarətdir ki, sülhün təşəbbüskarı da, onun praktik təminatçısı da Azərbaycandır. Çünki münaqişəni hərbi-siyasi baxımdan bağlayan, ərazi bütövlüyünü və suverenliyini bərpa edən, bundan sonra isə regiona sülh gündəliyi təklif edən tərəf məhz Azərbaycan olub. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibədən sonra yeni reallıq yaratdı və bu reallıq üzərində sülh gündəliyini formalaşdırdı.
Bizim dövlətin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslana bilər. Bu, həm beynəlxalq hüququn tələbidir, həm də Cənubi Qafqazda sabitliyin yeganə sağlam yoludur. Azərbaycan qalib tərəf kimi qisas siyasəti aparmadı, əksinə, sülh müqaviləsi üçün beş baza prinsipi irəli sürdü və normallaşma prosesinin hüquqi çərçivəsini müəyyən etdi.
Bu gün Cənubi Qafqazda illərlə, əslində onilliklərlə formalaşdırılmış ədalətsiz status-kvo artıq mövcud deyil. Azərbaycan Vətən müharibəsi və sonrakı mərhələdə həyata keçirilən qətiyyətli siyasət nəticəsində həmin status-kvonu dəyişdi. Regionda köhnə münaqişə mexanizmləri, süni vasitəçilik modelləri və işğal faktı üzərində qurulmuş siyasi balans aradan qalxdı. Artıq Cənubi Qafqazın siyasi gündəliyini Azərbaycan müəyyən edir. Bu, sadəcə hərbi üstünlük məsələsi deyil. Bu, dövlət gücünün, siyasi iradənin və strateji düşüncənin nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm diplomatik masada, həm də hüquqi müstəvidə öz sözünü dedi. Bu gün regionda təhlükəsizlik və sabitlik arxitekturası Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında formalaşır. Sülhün dili də, danışıqların məntiqi də, gələcək əməkdaşlıq modeli də artıq Bakının müəyyən etdiyi prinsiplər üzərində qurulur.
Ermənistan tərəfi isə bəzən konfranslar, seminarlar və beynəlxalq platformalar vasitəsilə özünü sülh gündəliyinin fəal iştirakçısı kimi göstərməyə çalışır. Amma sülh görüntü ilə yox, konkret addımlarla ölçülür. Əgər Ermənistan real sülh istəyirsə, bunu tribunlarda deyil, hüquqi və siyasi qərarlarda göstərməlidir. İlk növbədə, Azərbaycana qarşı dolayısı ilə ərazi iddiası yaradan konstitusion və siyasi yanaşmalar aradan qaldırılmalıdır. Bu baxımdan Ermənistanda Avropa İttifaqı missiyasının mövcudluğu ciddi suallar doğurur. Əgər sülh prosesi gedirsə, tərəflər bunu ən yüksək səviyyədə bəyan edirsə, sülh müqaviləsinin mətni razılaşdırılıbsa, delimitasiya prosesi aparılırsa, onda Ermənistan ərazisində xarici missiyanın qalmasına nə ehtiyac var? Bu missiya etimadı artırmaqdan çox, bölgədə əlavə siyasi gərginlik yaradır və üçüncü tərəflərin regiona müdaxilə imkanlarını genişləndirir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu missiyanın əsas siyasi dəstəkçilərindən biri Fransadır. Bir neçə il əvvəl “binokl diplomatiyası” kimi başlayan xətt bu gün də davam edir.
Fransa bir tərəfdən sülhdən danışır, digər tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirir, onu siyasi baxımdan himayə edir və bölgədə birtərəfli mövqe tutur. Bu yanaşma obyektiv vasitəçilikdən çox, geosiyasi patronaj siyasətinə bənzəyir. Azərbaycanın narahatlığı tamamilə əsaslıdır. Çünki Cənubi Qafqaz artıq kənar güclərin rəqabət meydanına çevrilməməlidir. Regionun gələcəyi region dövlətlərinin iradəsi ilə müəyyən edilməlidir. Azərbaycan bu mənada yalnız öz təhlükəsizliyini deyil, bütövlükdə bölgənin sabitlik modelini müdafiə edir. Bakı açıq şəkildə göstərir ki, sülh olacaqsa, bu sülh xarici diktə ilə yox, qarşılıqlı tanınma, hüquqi öhdəlik və real siyasi məsuliyyət əsasında qurulmalıdır. Burada əsas risklərdən biri revanşizmdir. Ermənistanda hələ də 2020-ci ilin nəticələri ilə barışmayan, Qarabağ səhifəsini bağlamaq istəməyən siyasi dairələr var. Əgər həmin qüvvələr yenidən güclənərsə və Azərbaycana qarşı ərazi iddiaları, sərhəd təxribatları və ya hərbi-siyasi provokasiyalar baş verərsə, Azərbaycan təbii ki, seyrçi qalmayacaq. Dövlətin əsas vəzifəsi öz sərhədlərini, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Azərbaycan bunu beynəlxalq hüquqa uyğun şəkildə, qətiyyətlə və lazımi bütün vasitələrlə təmin edəcək.
Vətən müharibəsinin tarixi əhəmiyyətini də məhz bu kontekstdə düzgün dərk etmək lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə Ermənistan ordusuna qalib gəlmədi. Azərbaycan Qarabağ üzərində qurulmuş separatçı layihəni, Koçaryan-Sarkisyan siyasi xəttini və bu xəttin arxasında dayanan qüvvələrin uzun illər qorumağa çalışdığı ədalətsiz status-kvonu darmadağın etdi. Bu qələbə yalnız 30 illik işğala son qoymadı. Bu qələbə Cənubi Qafqazda uzun illər formalaşdırılmış siyasi ədalətsizliyi aradan qaldırdı. Azərbaycan xalqı öz torpaqlarına qayıtdı, dövlət öz suverenliyini tam bərpa etdi, “ərazi bütövlüyü” anlayışı kağız üzərində qalan hüquqi prinsip olmaqdan çıxıb real siyasi nəticəyə çevrildi.
Bəziləri bu qələbənin miqyasını tam dərk etməyə bilər. Amma həqiqət budur ki, 2020-ci il Zəfəri Cənubi Qafqazda yeni dövrün başlanğıcı oldu. Bu gün bölgədə əsas siyasi reallıq Azərbaycanın yaratdığı reallıqdır. Sülh prosesi də, kommunikasiyaların açılması məsələsi də, sərhədlərin müəyyənləşdirilməsi də, gələcək regional əməkdaşlıq modeli də bu reallıq üzərində qurulur. Əgər Ermənistan real sülh istəyirsə, bunu konfrans salonlarında deyil, konkret hüquqi addımlarda, Konstitusiya məsələsinin həllində, sərhəddə sabit davranışda və üçüncü tərəflərin bölgəyə gərginlik gətirməsinə imkan verməməkdə göstərməlidir.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.