EN

Qurbanlıq heyvanlar bu qiymətə satılacaq - REPORTAJ

Qurban bayramına sayılı günlər qaldıqca paytaxtın ət bazarlarında hərəkətlilik də artır. Hər il olduğu kimi bu il də bazarlarda ən çox müzakirə olunan mövzulardan biri qiymətlərdir. Alıcılar bahalaşmadan şikayət edir, satıcılar isə “heyvan azdır”, “tələbat artıb” deyərək qiymət artımını əsaslandırmağa çalışırlar. Amma bazarda dolaşdıqca hiss olunur ki, məsələ təkcə tələbatla bağlı deyil. Bir çox alıcı qiymətlərin süni şəkildə şişirdildiyini düşünür.

Musavat.com əməkdaşı Qurban bayramı öncəsi ət bazarlarında vəziyyəti yerində araşdırıb. Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən ət dükanlarında və kəsim məntəqələrində demək olar eyni mənzərə hökm sürür: vitrində asılmış ətlər, qarşısında qiyməti soruşub sakitcə geri çəkilən insanlar və “bayrama yaxın lap baha olacaq” deyən satıcılar...

İlk üz tutduğumuz satış məntəqəsində mal ətinin kilosu 18 manata, quzu əti isə 22 manata təklif olunurdu. Satıcı qoyun ətinin hazırda olmadığını deyir:“Son vaxtlar qiymət belədir. Bayrama yaxın bir az da dəyişə bilər. Ucuz ət istəyənlər gedib çöldə satılan yaşlı heyvanların ətini alırlar”.

Quzu əti ilə maraqlanan orta yaşlı kişi qiyməti eşidəndən sonra üzünü turşudur: “Bayram qabağı qəsdən qiyməti qaldırırlar. Kasıb adam indi bir kilo ət ala bilmir, qurbanlığı necə alsın?” 

1ba5514a-298d-4bb6-95c7-6da2b719b90f.jpg

Satıcı isə qiymət artımında özlərini günahkar saymır:“Heyvanın özü baha gəlir. Yem bahadır, gətirmək bahadır. Biz də məcburuq qiyməti qaldıraq”.

Qurbanlıq heyvanlarla bağlı sifarişlərin artıq götürüldüyünü də öyrənirik. Hazırda orta ölçülü bir qoyunun qiyməti 330-350 manat arasında dəyişir. Satıcılar deyirlər ki, bayrama bir neçə gün qalmış qiymətlər daha da arta bilər.

Bazarda diqqət çəkən əsas məqamlardan biri isə insanların qiymətləri eşidəndən sonra səssizcə dönüb getməsidir. Əvvəllər bayram qabağı bazarlarda sıxlıq, alıcı izdihamı olardı. İndi isə insanlar daha çox qiymət soruşur, hesablayır və almaqdan vaz keçirlər.

Daha sonra yolumuzu “8-ci kilometr” adlanan ərazidə yerləşən ucuz ət bazarından salırıq. Bura illərdir şəhərdə ən ucuz ətin satıldığı yerlərdən biri kimi tanınır. Amma bazarın adı ilə bağlı yayılan söz-söhbətlər də az deyil. Burada köhnə, xəstə, hətta ölmüş heyvan ətlərinin satıldığı, bəzi hallarda at və eşşək ətinin belə bazara çıxarıldığı iddiaları uzun illərdir səsləndirilir.

Bazara daxil olan kimi ağır üfunət iyi adamı vurur. İy o qədər kəskin idi ki, bir anlıq geri qayıtmaq istədik. Taxtaların üstündə düzülmüş ətlərin rəngi qaraya çalırdı. Bəzi ətlərin üzərindəki yağ isə tünd saralmışdı. Satıcıdan “bu ət niyə belə qaralıb?” sualını veririk. Cavabında isə o bunu deyir: “İstidən quruyur ət, əslində təzə ətdir xanım, narahat olmayın”.

Ən qəribəsi isə bazardakı sakitlik idi. Alıcı demək olar ki, yox idi. Satıcıların bəzisi oturduğu yerdə mürgüləyirdi. Bizi görən kimi birdən canlandılar. 

8589feb3-a921-469f-8fa7-5749dc41c434.jpg

“Gəlin, ucuz verək”, “təzə ətdir”, “istədiyinizi seçin” – səslər bir-birinə qarışdı.

Satıcılardan biri mal ətinin kilosunu 10 manata, quzu ətini isə 12 manata təklif etdi. Hətta 8 manata ət satanın da olduğunu gördük. Bir qədər əvvəl mürgüləyən satıcı ayağa qalxıb malını tərifləməyə başladı:“Bunlar Beyləqandan gəlir, qızıl kimi ətdir, təzədir. Elə-belə ət deyil”.

Doğrudan da, bazardakı digər ətlərlə müqayisədə ən normal görünən ət elə onun piştaxtasında idi. Amma yenə də qoxu və ümumi şərait insanı tərəddüd içində qoyurdu.

Burada da əsas mövzu Qurban bayramı idi. Satıcı deyir ki, artıq qurbanlıq üçün siyahı tutulur:“İndidən ad yazdıranlar var. İstəsəniz sizi də qeyd edək. Bayrama yaxın heyvan tapmaq çətin olacaq”. 

Bazardan çıxarkən adamın ağlında eyni sual qalır: Qurban bayramı doğrudan da paylaşmaq bayramıdırsa, niyə hər il bu bayramın kasıbın süfrəsinə çatması daha da çətinləşir? Bir tərəfdə qiymətləri hər gün dəyişən bazar, digər tərəfdə isə uşağına bir kilo ət almağı pulu çatmayan insanlar var. Halbuki Qurban bayramının mahiyyəti bahalı süfrələr qurmaq deyil. Bu bayramın ruhu imkansızın qapısını döymək, aylarla ət yeməyən insanın üzünü güldürmək, paylaşmaq və mərhəməti yaşatmaqdır.

 

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Chosen
38
1
musavat.com

2Sources