EN

Trampdan Zəngəzur layihəsinə YENİ təkan – Ermənistanda seçkilər BİTƏN kimi...

ABŞ nümayəndə heyəti TRIPP-in icrası istiqamətində görülən işləri müzakirə etmək üçün Ermənistana gedib. “Armenpress”in xəbərinə görə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin, eləcə də Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndələri daxildir. Tərəflər TRIPP-in həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edib və razılaşdırıblar. Qriqoryan regionda bütün kommunikasiyaların açılmasının zəruriliyini, potensialını və perspektivlərini vurğulayıb.

Bəs budəfəki səfər nə dərəcədə mühüm önəm kəsb edir? Layihə nə vaxt praktik müstəviyə keçəcək? Əsas maneələr nədir?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında məsələyə bu cür şərh verdi: “ABŞ nümayəndə heyətinin Ermənistana səfəri və TRIPP çərçivəsində aparılan müzakirələr regionda nəqliyyat-kommunikasiya layihələrinin yenidən gündəmə daxil olduğunu göstərir. Xüsusilə Zəngəzur dəhlizi ətrafında son aylarda müşahidə edilən diplomatik fəallıq fonunda Vaşinqtonun prosesə daha açıq şəkildə maraq göstərməsi mühüm geosiyasi siqnal hesab oluna bilər.

Bu səfərin əsas əhəmiyyəti ondadır ki, artıq ABŞ də gözləmək niyyətində deyil və məsələ həm də böyük güclərin iqtisadi və strateji maraqları kontekstində müzakirə olunur. Nümayəndə heyətinin tərkibində Dövlət Departamenti və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının təmsil olunması göstərir ki, Vaşinqton layihəyə həm siyasi, həm də iqtisadi-investisiya prizmasından yanaşır. Bu isə Zəngəzur xəttinin gələcəkdə Orta Dəhlizin əsas komponentlərindən birinə çevrilməsi ehtimalını gücləndirir.

ABŞ uzun müddətdir ki, Çin və Rusiyanın dominantlıq etdiyi Avrasiya logistikasında nəzarət imkanı əldə etməyə çalışır. Bu baxımdan Azərbaycan, Ermənistan və Türkiyə üzərindən keçəcək yeni kommunikasiya xətləri Vaşinqton üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır”.

Politoloq Ermənistanın alternativ iqtisadi və siyasi dayaqlar axtardığını da qeyd etdi: “Mqer Qriqoryanın bütün kommunikasiyaların açılması ilə bağlı açıqlamasına gəldikdə isə bu onu göstərir ki, Ermənistan nəhayət ki, uzunmüddətli regional təcridin iqtisadi inkişaf imkanlarını və ölkənin tranzit potensialını məhdudlaşdırdığını anlayıb. Xüsusilə son dövrdə Rusiya ilə münasibətlərdə yaranan gərginlik fonunda Ermənistan alternativ iqtisadi və siyasi dayaqlar axtarır. ABŞ və Qərbin prosesdə aktiv iştirakını da İrəvan özü üçün müəyyən təhlükəsizlik və investisiya təminatı kimi görür.

Bununla belə, layihənin praktik müstəviyə keçməsinin qarşısında bir sıra ciddi maneələr qalmaqdadır. Əsas problem böyük güclərin maraqlarının toqquşmasıdır. Rusiya Zəngəzur marşrutunun ABŞ-nin nəzarətinə keçməsini istəmir. Moskva bu xətti həm öz təsir imkanlarının saxlanılması, həm də Cənubi Qafqazda geosiyasi maraqların qorunması baxımından vacib hesab edir.

İran da layihəyə ehtiyatla yanaşır. Tehran hesab edir ki, yeni marşrut regiondakı ənənəvi tranzit rolunu zəiflədə, sərhəd balansını dəyişə və nəticədə Türk dünyasının birliyinə səbəb olmaqla İran üçün gələcəkdə problemlər yarada bilər. Buna görə də həm Rusiya, həm də İran prosesə müəyyən siyasi təzyiq elementləri ilə təsir göstərməyə çalışır. Ermənistan isə seçki ilində olduğu üçün bu təzyiqləri nəzərə almaq məcburiyyəti ilə üzləşib və bu baxımdan da layihənin praktik müstəviyə keçməsinə tələsmir.

Düşünürəm ki, TRIPP çərçivəsində aparılan müzakirələr nəhayət ki, Ermənistanda seçkilərin başa çatmasından sonra praktik müstəviyə keçid edəcək. ABŞ-nin seçkilərə az müddət qalmış prosesə təkan verməsi də onu göstərir ki, bu il ərzində biz maliyyə və texniki mexanizmlərin sürətlənməsinə şahidlik edəcəyik. Ümumilikdə isə son səfər bir daha onu göstərir ki, Zəngəzur layihəsi artıq yalnız regional təşəbbüs deyil, qlobal logistika və geosiyasi rəqabətin bir hissəsinə çevrilir”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
21
musavat.com

1Sources