EN

İmtahanların cavabları süni intellektlə YOXLANILACAQ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahanların yoxlanılması və sualların ekspertizasında süni intellektin tətbiqi imkanlarından danışıb.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, yazı işlərinin yoxlanılması prosesində süni intellektin istifadəsi hazırda araşdırılır.

Məleykə Abbaszadənin sözlərinə görə, elektron imtahanlarda markerlərin əvəzinə yazı işlərini süni intellekt yoxlaya bilər, lakin bunun üçün hüquqi baza formalaşdırılmalıdır.

“Hazırda sistem belədir ki, iki ekspert yoxlayır, nəticələr uyğun gəlirsə qəbul edilir, əks halda üçüncü ekspertə göndərilir”, - deyə o qeyd edib.

DİM sədri bildirib ki, artıq yoxlanılmış işlər süni intellekt sistemlərinə daxil edilərək onun qiymətləndirməsinin ekspert nəticələri ilə müqayisəsi aparılır. Onun sözlərinə görə, hazırda uyğunluq göstəricisi 70–80 faiz arasındadır.

Məleykə Abbaszadə əlavə edib ki, ekspertlər arasında bu uyğunluq 85–90 faizə yaxındır və süni intellekt sistemlərinin effektivliyi zamanla daha da artacaq.

O vurğulayıb ki, sualların ekspertizasında süni intellektin istifadəsi də gündəmdədir, lakin burada təhlükəsizlik və normativ məsələlərin həlli vacibdir.

“Bu proseslər həll olunduqdan sonra süni intellektdən daha geniş istifadə edilə bilər”, - deyə DİM sədri bildirib.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, gələcəkdə süni intellektin tətbiqi nəticəsində bəzi proseslər avtomatlaşacaq və bu, işçi sayında azalmaya da səbəb ola bilər.

Onun sözlərinə görə, yaxın 5 il ərzində bu dəyişikliklərin 20–30 faiz səviyyəsində təsir göstərə biləcəyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
redaktor.az

2Sources