EN

Professor: Azərbaycanı süni intellekt sahəsində aparıcı ölkələrdən birinə çevirmək üçün ciddi potensial var

Bakı, 14 may, AZƏRTAC

“TUM International GmbH” və Münxen Texniki Universiteti (TUM) ilə Azərbaycan ekosistemi arasında uzunmüddətli tərəfdaşlığın qurulmasından qürur duyuruq. Hesab edirik ki, ilk addım olaraq təməldən başlamalı, təhsil sistemində ən yüksək standartları müəyyən etməli və Azərbaycanda kompüter elmləri, elektrotexnika, eləcə də kompüter mühəndisliyi sahələri üzrə yüksək standartlara cavab verən bakalavr proqramları formalaşdırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Münxen Texniki Universitetinin professoru Hussam Amroç deyib. O bildirib ki, dünya süni intellekt dövrünə daxil olur və bir çox ölkələr bu sahədə ön sıralarda yer almağa çalışır: “Hesab edirik ki, bu mərhələ Azərbaycan üçün transformasiya baxımından çox əlverişli fürsətdir. Fikrimcə, həm Almaniya, həm də Azərbaycan bir-birinin təcrübəsindən faydalana bilər. Biz azərbaycanlı istedadlı tələbələrin Almaniyaya gələrək ekosistemi, tədris metodlarını və təhsil yanaşmalarını yaxından öyrənməsini, daha sonra isə bu bilik və təcrübəni öz ölkələrinə aparmasını səbirsizliklə gözləyirik”.

Hussam Amroç qeyd edib ki, tərəfdaşlığın ilk nəticələri yaxın illərdə özünü göstərəcək: “Beş ildən sonra bu əməkdaşlıq çərçivəsində yetişəcək ilk istedadlı tələbə qrupu Azərbaycanda iş axtaran deyil, yeni iş yerləri yaradan gənclər olacaq. Kompüter elmləri və süni intellekt sahəsində startaplar üçün çox böyük imkanlar mövcuddur. Burada məqsədlərimizi yalnız beşillik perspektivlə məhdudlaşdırmamalıyıq. Azərbaycanı regionda, hətta daha geniş coğrafiyada süni intellekt sahəsində aparıcı ölkələrdən birinə çevirmək üçün ciddi potensial var. TUM Azərbaycana yalnız təhsil və elmi-tədqiqat sahəsindəki təcrübəsini deyil, həm də innovasiya və sahibkarlıq yanaşmasını gətirir. TUM olaraq biz ideyaların yalnız laboratoriyada qalmasını deyil, onların cəmiyyətə və iqtisadiyyata inteqrasiyasını da vacib hesab edirik. Sahibkarlıq bu prosesin əsas elementlərindən biridir. Azərbaycanla uzunmüddətli tərəfdaşlığa böyük önəm veririk və bununla fəxr edirik. Azərbaycan tərəfinin bizə və Münxenə göstərdiyi etimad bizim üçün çox dəyərlidir”.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – İlkin Cavanşirov
Videooperator – Mir Rəsul Cəfərov
Chosen
23
1
azertag.az

2Sources