EN

Həddindən artıq protein qəbulu sağlamlıq üçün risk yaradır

Son illərdə proteinlə zəngin məhsullara maraq sürətlə artsa da, mütəxəssislər həddindən artıq protein istehlakının sağlamlıq üçün təhlükəli nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Sosial mediada yayılan “Nə qədər çox protein, bir o qədər sağlamlıq” anlayışının reallığı tam əks etdirmədiyi bildirilir.


QHT.az xarici mediaya istinadən bildirir ki, protein insan orqanizmi üçün vacib qida maddəsidir və əzələlərin qurulması, toxumaların bərpası və immun sisteminin fəaliyyəti üçün mühüm rol oynayır. Lakin gündəlik ehtiyacdan artıq qəbul edilən protein böyrəklərə və qaraciyərə əlavə yük yarada, həmçinin ürək-damar və bağırsaq problemləri riskini artıra bilər. 


Araşdırmalarda, xüsusilə, yalnız heyvani protein mənbələrinə üstünlük verilməsinin riskli olduğu vurğulanır. Qırmızı ət və yüksək yağ tərkibli heyvani məhsulların həddindən artıq istehlakı ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Bitki mənşəli protein mənbələrinin isə daha balanslı seçim olduğu qeyd edilir.


Ekspertlər bildirirlər ki, noxud, mərcimək, lobya, badam və qoz kimi bitki əsaslı qidalar gündəlik protein ehtiyacının qarşılanmasına kömək edə bilər. Bununla yanaşı, protein tozları və “proteinli məhsullar”ın nəzarətsiz istifadəsinin də risk daşıdığı vurğulanır. 


Mütəxəssislərə görə, sağlam yetkin insanlar üçün gündəlik protein ehtiyacı adətən bədən çəkisinin hər kiloqramına görə təxminən 1,2–1,6 qram hesablanır. Bu göstərici idmançılar və xüsusi sağlamlıq vəziyyətləri olan şəxslərdə dəyişə bilər. 
Qeyd olunur ki, balanslı qidalanma yalnız proteinə fokuslanmamalı, karbohidrat, yağ, lif və vitamin-mineral balansı da qorunmalıdır.

Piranə Xasiyeva

Chosen
45
qht.az

1Sources