EN

​Rusiyada iqtisadi artım dayanıb “Hərbi xərclərdən başqa hər şeyi kəsəcəklər”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya hakimiyyəti iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdığını və problemlərin nəzarətdə olduğunu bəyan etsə də, hökumət nümayəndələrinin açıqlamaları ölkədə iqtisadi artımın faktiki olaraq dayandığını göstərir. 

"AzPolitika” xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Vedomosti” qəzetinə müsahibəsində ölkə iqtisadiyyatının “böyük dayanıqlıq ehtiyatına” malik olduğunu desə də, iqtisadi inkişaf naziri Maksim Reşetnikov mart ayından etibarən artımın zəiflədiyini etiraf edib. ÜDM üzrə illik artım proqnozu cəmi 0,4 faizə endirilib ki, bu da iqtisadçılar tərəfindən faktiki durğunluq kimi qiymətləndirilir.

Reşetnikov son üç ildə Rusiya iqtisadiyyatının 10 faiz böyüdüyünü və ölkənin alıcılıq qabiliyyəti paritetinə görə dünyanın dördüncü iqtisadiyyatı olduğunu bildirsə də, ekspertlər bu statistikanın reallığı tam əks etdirmədiyini deyirlər.

İqtisadçı Vyaçeslav Şiryaevin sözlərinə görə, hətta dövlətə bağlı qurumlar da iqtisadi göstəricilərlə bağlı ciddi şübhələrə malikdir. O bildirib ki, istehlak xərcləri azalır, sənaye istehsalı zəifləyir, nəqliyyat yüklənməsi aşağı düşür və iqtisadi geriləmə sürətlənir. Ekspert hesab edir ki, hökumətin ilin ikinci yarısında iqtisadi sıçrayış olacağı ilə bağlı açıqlamaları daha çox statistik manipulyasiya xarakteri daşıyır.

Şiryaev vurğulayıb ki, iqtisadi fəallığın bərpası üçün geniş investisiya və infrastruktur proqramları lazım olduğu halda, əksinə dövlət xərcləri azaldılır və müəssisələrə kifayət qədər maliyyə dəstəyi verilmir. Onun fikrincə, bu şəraitdə iqtisadiyyatın qısa müddətdə dirçəlməsi real görünmür.

İqtisadçı hesab edir ki, Kreml yaranan problemləri əsasən əhali və biznesin hesabına həll etməyə çalışacaq. Onun sözlərinə görə, yaxın dövrdə kiçik və orta biznes üçün yeni maliyyə yükü yarana, sosial və infrastruktur xərcləri isə ixtisar oluna bilər.

“Xəstəxanaların, məktəblərin maliyyələşməsi azalacaq, maaş indeksasiyası dayandırılacaq, tikinti və təmir layihələri ixtisar ediləcək. Hərbi xərclərdən başqa demək olar ki, hər şeyi kəsəcəklər”, – deyə Şiryaev bildirib.

Ekspert əlavə edib ki, hakimiyyət rəsmi şəkildə vergiləri artırmasa da, müxtəlif dolayı ödənişlər və kvazivergilər vasitəsilə iqtisadiyyata əlavə yük gətirir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources