EN

ABŞ və Çin masaya oturdu-Dünya nəfəsini tutub nəticələri gözləyir

ABŞ prezidenti Donald Trampın Çinə reallaşan səfəri Vaşinqton-Pekin münasibətlərinin taleyi baxımından ciddi hadisə kimi müzakirə olunmaqdadır. Eyni zamanda, bütövlükdə dünyanın gələcək siyasi və iqtisadi düzəni baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bəllidir ki, son illərdə ABŞ və Çin arasında yaşanan ticarət müharibələri, texnologiya rəqabəti, Tayvan ətrafında artan gərginlik, Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən qarşıdurmalar dünya tərəfindən diqqətlə izlənilir. Bütün bunların fonunda Trampın Pekində görünməsi artıq adi diplomatik təmas kimi deyil, yeni dünya nizamının formalaşmasına təsir edə biləcək strateji hadisə kimi qələmə verilməlidir.

Dünya hazırda açıq şəkildə çoxqütblü sistemə keçid mərhələsini yaşayır. Bir tərəfdə iqtisadi və hərbi gücünü qorumağa çalışan ABŞ, digər tərəfdə isə qlobal təsir imkanlarını genişləndirən Çin dayanır.
Bu səfərin ən vacib məqamlarından biri isə ondan ibarətdir ki, Tramp administrasiyası əvvəlki illərdə Çinlə münasibətlərdə daha sərt xətt yürütməsi ilə yadda qalmışdı. Ticarət rüsumları, texnologiya məhdudiyyətləri, istehsal zəncirinin Çindən uzaqlaşdırılması cəhdləri və geosiyasi təzyiqlər Vaşinqton–Pekin münasibətlərini son onilliklərin ən gərgin mərhələsinə gətirmişdi. İndi isə Pekində keçirilən görüşlər göstərir ki, tərəflər tam qarşıdurmanın dünya iqtisadiyyatı üçün yaratdığı riskləri daha açıq şəkildə görməyə başlayıblar.

Xüsusilə enerji bazarları, süni intellekt texnologiyaları, yarımkeçirici istehsalı, Tayvan məsələsi və qlobal ticarət marşrutları bu görüşlərin əsas gündəm mövzuları hesab olunur. ABŞ və Çin arasında münasibətlərin yumşalması dünya bazarlarında müəyyən sabitlik yarada bilər. Əksinə, münasibətlərin daha da sərtləşməsi yeni iqtisadi bloklaşmaların yaranmasına, beynəlxalq ticarətin parçalanmasına və regional münaqişələrin daha təhlükəli mərhələyə keçməsinə səbəb ola bilər.

Bütün bunların fonunda Trampın Pekin səfəri artıq iki dövlət rəhbərinin görüşündən daha böyük məna daşıyır. Bu səfər həm də dünyanın gələcək onillikdə hansı istiqamətdə hərəkət edəcəyinin əsas siyasi siqnallarından biri kimi qəbul olunur. Çünki Vaşinqton və Pekin arasında qurulacaq münasibət modeli gələcəkdə beynəlxalq təhlükəsizlik sistemindən tutmuş iqtisadi ittifaqlara, regional münaqişələrdən enerji siyasətinə qədər bir çox sahədə yeni reallıqlar formalaşdıracaq.

Yaşanan bu gəlişmə ilə bağlı Musavat.com-a danışan Ədalət partiyasının sədri Mütəllim Rəhimli deyib ki, Trampın Çinə səfəri dünyanın siyasi və iqtisadi nizamını əhəmiyyətli dərəcədə təyin edə biləcək nəticələr doğuracaq: " Dünyada nüfuz müharibəsinin getdiyi gərgin bir vaxta təsadüf edən bu səfər kifayət qədər diqqət mərkəzində saxlanılır. Bu səfər iqtisadi hegemonluq yarışının hərbi münaqişəyə çevilməyə başladığı vaxta təsadüf edir. Ona görə də ondan gözləntilər çoxdur.

ABŞ və Çin fevralın 28-də İran üzərində başlayan müharibədə bir-birinin nəbzini kifayət qədər yoxlamaq imkanı əldə etdi. Yəqin ki, Birləşmiş Ştatlar hərbi yolla məqsədinə nail ola bilməyəcəyinə əmin oldu. Dövlət başçılarının görüşü də məhz bunun nəticəsində reallaşıb. Əks halda müharibənin dayanacağı inandırıcı görünmürdü.

Çin gəmilərinin bu gündən Hörmüz boğazından keçidinin başlaması göstərir ki, iki dövlət başçısı arasında müəyyən razılaşma əldə olunub. Bu əslində müharibənin dayanması və sülh uğrunda atılmış addımın təcəssümüdür.

Buna istinadən demək olar ki, tərəflər bir sıra məsələlərdə razılığa gəliblər. Çox güman ki, fikir ayrılıqlarının olduğu Tayvan məsələsi, qlobal ticarət marşrutları, qiymətli metalların və çiplərin istehsalı və ixracı və s. məsələlərin hamısında olmasa da, ortaq mövqe əldə olunub.

Ancaq bu görüşü dünyanın hazırda qarşılaşdığı böhranın sonu kimi qiymətləndirmək də doğru olmazdı. Bununla belə mövcud gərginliklərdə bir taymaut kimi baxıla bilər. Tərəflər rahat nəfəs almaq, planlarına bir daha baxmaq üçün vaxt qazanıblar.

Dünyanın çoxqütblülüyə keçməsi ilə bağlı deyilənlərlə razılaşmaq da çətindir. Çünki Birləşmiş Ştatlar sonadək mübarizə aparacaq ki, bu baş verməsin. Belə görünür ki, ABŞ dünyada özünə tabe olan güc mərkəzlərinin yaranmasında maraqlıdır. Ən azı Çin və Rusiya isə bununla barışmaq istəmir. Zənnimcə, hazırda bütün konfliktlər buna görə baş verir".

Cavanşir Abbaslı
Musavat.com

 

Chosen
36
musavat.com

1Sources