EN

Övladınızı bu təhlükədən qoruyun Sonsuzluğa səbəb ola bilər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərdə “svinka” kimi tanınan epidemik parotitlə bağlı yaranan narahatlıqlar əsassız deyil. Hava-damcı yolu ilə yayılan bu virus xüsusilə kollektiv mühitdə sürətlə yayılmaq xüsusiyyətinə malikdir və uşaqlarda qulaqətrafı vəzilərin şişməsi ilə yanaşı, meningit, ensefalit, eşitmə itkisi və sonsuzluq kimi ciddi ağırlaşmalara da səbəb ola bilər. Məsələ ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a bildirib ki, epidemik parotit, yəni “svinka” kimi tanınan qulaqdibi xəstəliyi qulaqətrafı ağız suyu vəzilərinin iltihabı, şişməsi və ağrılı olması ilə müşahidə olunan virus infeksiyasıdır:"Xəstəlik zamanı güclü intoksikasiya halları da baş verə bilər. Bu infeksiya bəzi hallarda baş və onurğa beyninin iltihabına, orta qulaq iltihabına, hətta eşitmə itkisinə səbəb ola bilər. Bundan başqa, ensefalit kimi ağırlaşmalar da mümkündür. Yetkinlik yaşına çatmamış oğlan uşaqlarında orxit, qızlarda isə ooforit, yəni xayaların və yumurtalıqların iltihabı, həmçinin mastit, yəni süd vəzilərinin iltihabı yarana bilər. Yəni infeksiya əsasən qulaqətrafı vəzdə müşahidə olunsa da, ciddi fəsadlara və müxtəlif ağırlaşmalara yol aça bilir".Həkim bildirib ki, Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, epidemik parotit milli peyvənd təqviminə daxil edilib və bütün ölkələrdə tətbiq olunmalıdır:"Azərbaycanda da uşaqlara bu peyvənd vurulur. Belə ki, uşaqlar 12 aylığında və 6 yaşında olmaqla iki dəfə epidemik parotitə qarşı vaksinasiya olunur və bununla da xəstəlikdən qorunurlar. Azərbaycanda “svinka”nın yayılmasının əsas səbəblərindən biri bəzi valideynlərin müxtəlif şayiələrə inanaraq uşaqları vaxtında vaksinasiyaya aparmamasıdır. Digər tərəfdən, bəzi poliklinikalarda məsələyə ciddi yanaşılmaması da bu vəziyyətin yaranmasına təsir göstərib. Bakı şəhərində əhalinin sıxlığı və bəzi insanların qeydiyyatsız yaşaması da xəstəliyin yayılmasında müəyyən rol oynayır.Hesab edirəm ki, milli peyvənd təqvimində nəzərdə tutulan 13 adda peyvənd icbari olmalıdır və bu, şəxsi seçimə çevrilməməlidir. Yalnız xüsusi tibbi problemi olan uşaqlarda vaksinasiya həkim nəzarəti altında aparılmalıdır. Bunun üçün nevropatoloq və digər mütəxəssislərin nəzarəti ilə peyvəndin təhlükəsiz şəkildə tətbiqi mümkündür. Peyvənddən yayınmaq isə sonda ciddi nəticələrə səbəb ola bilər. Xəstəliyin ağırlaşmaları nəticəsində uşaqlarda sonsuzluq, meningit, ensefalit və digər ağır fəsadlar yarana bilər. Buna görə də bütün uşaqlar milli peyvənd təqviminə uyğun şəkildə vaksinasiya olunmalı və hər birinin peyvənd sənədi olmalıdır",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources