EN

Ermənistanla ortaq düşmənimiz: Zatulin niyə villasında yox xəyallarında yaşayır?

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın postsovet məkanı ilə bağlı siyasətində uzun illərdir eyni adlar dövriyyədədir. Həmin simalardan biri də Konstantin Zatulindir. O, Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri üzrə komitənin əsas fiqurlarından biri, eyni zamanda Kremlin Cənubi Qafqaz siyasətində ən sərt ritorikaya malik şəxslərindən hesab olunur.

Zatulin illərdir Azərbaycan, Türkiyə, Ukrayna və ümumilikdə Qərbə qarşı sərt çıxışları ilə tanınır. Onun fəaliyyəti  siyasi bəyanatlarla məhdudlaşmır, həm də separatçı rejimlərə açıq simpatiyası, postsovet məkanında “rus təsir zonası” ideyasını müdafiə etməsi və Kremlin imperial yanaşmasının ideoloqlarından biri kimi çıxış etməsi ilə diqqət çəkir.

Batumidən Dövlət Dumasına

Konstantin Zatulin 1958-ci ildə Gürcüstan SSR-nin Batumi şəhərində anadan olub. Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. SSRİ dövründə komsomol strukturlarında fəaliyyət göstərib, daha sonra isə Yuri Lujkovun komandasına yaxın fiqurlardan birinə çevrilib. 

SSRİ-nin son illərindən başlayaraq siyasi fəaliyyətə qoşulan deputat uzun müddətdir Rusiya Dövlət Dumasında təmsil olunur və hazırda hakim “Vahid Rusiya” partiyasının üzvlərindəndir. 1990-cı illərdə Rusiya Dövlət Dumasına seçilən Zatulin daha çox MDB ölkələri və “yaxın xaric” siyasəti üzrə fəaliyyət göstərməyə başlayıb. O, uzun illərdir Dövlət Dumasının MDB işləri və xaricdə yaşayan ruslarla əlaqələr komitəsində əsas simalardan biridir. Eyni zamanda “MDB Ölkələri İnstitutu”nun yaradıcısı və rəhbəri hesab olunur. O, postsovet məkanında Rusiyanın siyasi təsirinin saxlanılmasını müdafiə edən sərt xətt tərəfdarlarının nümayəndəsidir.

Separatizmə açıq dəstək

Zatulinin fəaliyyəti ilə bağlı ən çox müzakirə olunan məqamlardan biri separatçı bölgələrə münasibətidir. O, illər boyu Abxaziya, Cənubi Osetiya, Krım və Qarabağ kimi münaqişə zonalarında Rusiyanın təsirini artıran mövqelər sərgiləyib.

2006-cı ildə o, Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın tanınmasının “uzaqda olmadığını” bildirmişdi. Daha sonra Abxaziya tərəfindən “fəxri vətəndaş” elan olunmuşdu.

Ukrayna isə onu dəfələrlə arzuolunmaz şəxs elan edib. Səbəb kimi Ukraynanın ərazi bütövlüyünə qarşı fəaliyyət və etnik qarşıdurmaları təşviq edən açıqlamalar göstərilmişdi. 2021-ci ildə isə Zatulin açıq şəkildə “Ukrayna Rusiya üçün düşməndir və belə Ukrayna mövcud olmamalıdır” fikrini səsləndirmişdi.

Azərbaycana qarşı mövqeyi

Konstantin Zatulin Azərbaycanda daha çox anti-Azərbaycan ritorikası ilə tanınır.

O, xüsusilə Qarabağ münaqişəsi dövründə Ermənistanı açıq şəkildə müdafiə edən rus siyasətçilərindən biri olub. Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə dəfələrlə ermənipərəst açıqlamalar verib, separatçı rejimə yaxınlığı ilə gündəmə gəlib.

44 günlük müharibədən sonra da Zatulin ritorikasını dəyişməyib. Əksinə, Azərbaycanın regionda güclənməsi, Qarabağ üzərində suverenliyini bərpa etməsi və Türkiyə ilə strateji ittifaqının daha da möhkəmlənməsi onun çıxışlarında daha aqressiv ton yaradıb.

2022-ci ildə Ermənistan-Azərbaycan sərhədindəki gərginlik zamanı Zatulin Azərbaycanı ittiham etmiş, Rusiyanın “Azərbaycanı sakitləşdirməli olduğunu” bildirmişdi. Azərbaycanlı deputatlar və ekspertlər isə dəfələrlə onu “revizionist düşüncənin daşıyıcısı”, “müharibə ritorikasını qızışdıran fiqur” adlandırıblar. 

Ermənipərəst deputat niyə İrəvanda da arzuolunmaz şəxsə çevrildi?

44 günlük müharibədən sonra Konstantin Zatulin paradoksal vəziyyətlə üzləşdi: uzun illər açıq şəkildə Ermənistanı müdafiə edən siyasətçi tədricən Ermənistan hakimiyyətinin də sərt tənqid etdiyi fiqurlardan birinə çevrildi.

Bunun əsas səbəbi Zatulinin klassik “imperiya yanaşması”ndan çıxış etməsidir. O, əslində nə Azərbaycanın, nə də Ermənistanın tam müstəqil siyasət yürütməsini qəbul edən xətti təmsil edir. Onun prioriteti Cənubi Qafqazda Rusiyanın dominant rolunun qorunmasıdır.

Müharibədən sonra Nikol Paşinyan hakimiyyəti dövründə yürütdüyü siyasəti Zatulin açıq şəkildə hədəfə aldı. O, Paşinyanı dəfələrlə “Rusiyaya xəyanət etməkdə”, “Qərbin layihəsinə çevrilməkdə” ittiham etdi.

2022-ci ildə Zatulin Ermənistana buraxılmadı və faktiki olaraq İrəvan tərəfindən arzuolunmaz şəxs kimi qarşılandı. Ermənistan parlamentinin sədri Alen Simonyan onu “Ermənistanın daxili işlərinə qarışmaqda” ittiham etmişdi. Bu hadisə illərlə ermənipərəst mövqeyi ilə tanınan rus deputat üçün ciddi siyasi paradoks hesab olundu.

Əslində burada maraqlı məqam ortaya çıxır: Zatulin uzun müddət Ermənistanı dəstəkləsə də, bu dəstək Ermənistan dövlətçiliyinə yox, Rusiyanın bölgədəki maraqlarına hesablanmışdı. İrəvan Moskvanın orbitindən uzaqlaşmağa başlayanda o, Ermənistan hakimiyyətinə qarşı da aqressiv ritorikaya keçdi.

Bu baxımdan, Zatulinin həm Azərbaycan, həm də Ermənistanla problem yaşaması Rusiyanın bölgədə zəifləyən təsirini kompensasiya etməyə çalışan siyasi xəttin nümayəndəsi olması ilə izah edilir.

Onun çıxışlarında tez-tez hiss olunan sərtlik də məhz Cənubi Qafqazda dəyişən balans, Azərbaycanın güclənməsi və Ermənistanın belə Moskvanın tam nəzarətindən çıxmağa çalışması fonunda daha da kəskinləşib.

İspaniyadakı mənzil və sanksiyalar altındakı deputat

Açıq mənbələrdə yayılan məlumatlara görə, Konstantin Zatulinin İspaniyanın Alikante bölgəsində, Torreviya şəhərində mənzili var.

Sənədlərdə onun adına qeydiyyatda olan 94,2 kvadratmetrlik mənzilin ünvanı “Gabriela Mistral 23, Torrevieja, Alicante” kimi göstərilir. Mənzilin yerləşdiyi bina və əmlak sənədləri də müxtəlif araşdırma platformalarında yayımlanıb.

Bu fakt Rusiya siyasətində tez-tez müşahidə olunan ziddiyyətli mənzərənin nümunəsi kimi qiymətləndirilir. Belə ki, Qərbi “çökən sistem”, “Rusiyaya düşmən blok” adlandıran bəzi siyasətçilər eyni zamanda Avropa ölkələrində daşınmaz əmlak və aktivlər saxlayırlar.

Zatulin Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Qərb sanksiyalarına məruz qalan şəxslər sırasındadır. Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı sanksiyalar tətbiq edib. O isə sanksiyalar səbəbi ilə bu mənzillərdə deyil xəyal dünyasında yaşaya bilir. 

Cənubi Qafqazda dəyişən güc balansı və Moskvanın narahatlığı

Konstantin Zatulin Rusiyanın postsovet məkanına dair sərt geosiyasi xəttinin simvol fiqurlarından biridir.

Onun Azərbaycana qarşı aqressiv ritorikası da əsasən yeni regional reallıqlarla bağlı qiymətləndirilir. Çünki son illərdə Azərbaycanın hərbi, siyasi və iqtisadi baxımdan güclənməsi, Qarabağ məsələsini öz xeyrinə həll etməsi və Cənubi Qafqazda əsas aktora çevrilməsi Moskvanın köhnə təsir mexanizmlərini zəiflədib.

Bu baxımdan, Zatulinin çıxışları bir çox hallarda Azərbaycanın güclənməsinə qarşı narahatlığın və sovet sonrası məkan üzərində nəzarəti itirmək qorxusunun siyasi ritorikaya çevrilmiş forması kimi görünür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
modern.az

1Sources