EN

Kişi evə gec saatlarında gələn arvadını döyərək xəsarət yetirdi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aqil Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı il martın 2-də saat 00:10 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin birində baş verib.

 

Belə ki, Aqil Məlikov həmin gecə evə gec saatlarda gələn həyat yoldaşı, zərərçəkmiş İradə Məlikovaya (adı, soyadı şərtidir) irad bildirib. Bu zaman tərəflər arasında ailədaxili münasibətlər və qısqanclıq zəminində mübahisə yaranıb. Zərərçəkmiş şəxsin cavabı təqsirləndirilən şəxs tərəfindən bəhanə kimi qiymətləndirilib və mübahisə daha da kəskinləşib. Mübahisə zamanı əsəbiləşən Aqil arvadına hücum edib. O, əl ilə yumruq zərbəsi vuraraq İradənin sifət və göz nahiyəsinə xəsarət yetirib. Zərbənin təsirindən qadın yerə yıxılıb və o, xəsarət alıb. Həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri olduğu müəyyən edilib.

 

Hadisədən sonra Aqil Məlikov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 May 2026, 08:51   
Chosen
54
2
pravda.az

3Sources