EN

İcra başçısını girov götürən terrorçu necə təslim olmuşdu: Atası və qızı təyyarə ilə Sumqayıtdan gətirilmişdi

Ötən gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 25 il öncə qaçaqmalçı tərəfindən girov götürülməsi və daha sonra azad edilməsi ilə bağlı məlumatı yaymışdıq.

Belə ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür. A.Əhmədov zabiti xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.


Hadisə şahidlərindən biri Musavat.com-a illər öncə baş verənlərin detallarını danışıb. Adının çəkilməsini istəməyən şahid bildirib ki, hadisə “Qırmızı körpü” ərazisində, Azərbaycan–Gürcüstan sərhədində baş verib. Onun sözlərinə görə, hadisə təxminən 2001-ci ilin dekabr ayında yaşanıb. A. İsmixanov adlı qaçaqmalçı Gürcüstanın Pankisi istiqamətindən qaçaq yolla Azərbaycana keçməyə çalışarkən “Sınıq körpü” postunda saxlanılıb. Üzərindən 3 ədəd qumbara və patronla dolu iki avtomat darağı çıxıb. Hərbçilər onu saxlayaraq Şəmkir istiqamətində yerləşən sərhəd zastavasına apararkən, terrorçu orada zabiti girov götürüb. O, əlində qumbara ilə hədələyərək avtomat tələb edib. Verilən silahın işlək olmadığını anlayaraq “mənə iynəsi olan avtomat gətirin” deyib. Bundan sonra ona döyüşə hazır silah təqdim olunub.


Daha sonra hadisəyə hərbi hissə komandiri Araz Əhmədov müdaxilə edib və zabitin buraxılmasını, əvəzində özünün girov götürülməsini təklif edib. Beləliklə, A. İsmixanov adlı terrorçu zabiti buraxır və Araz Əhmədovu girov götürür və onun xidməti maşınında “Qırmızı körpü” istiqamətinə gedirlər. Bu zaman hadisədən artıq MTN-in (indiki DTX) də xəbəri olub. Beləliklə, terrorçunun atası və 5 yaşlı qızı Sumqayıtdan təyyarə ilə “Qırmızı körpü”yə gətirilir. Həmin vaxt İsmixanovun 5 yaşlı qızı və yeni doğulan oğul övladı var imiş. O, Azərbaycana yeni doğulan körpəni görməyə gəlirmiş. Müsahib deyir ki, qız atasını uzaqdan çağırmağa başlayıb. Bundan sonra şəxs əlindəki qumbaranı Xram çayına ataraq təslim olub. Onun Gürcüstan sərhədini keçmədiyi, məhz ailəsinə görə geri çəkildiyi vurğulanır.


Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur.


Şahanə Rəhimli
Musavat.com

Chosen
33
musavat.com

1Sources