EN

"Fransa neokolonialist siyasətini Cənubi Qafqaza daşımağa çalışır" - Mütəllim Rəhimli

Son illərdə Cənubi Qafqazda və daha geniş beynəlxalq arenada baş verən geosiyasi dəyişikliklər region ölkələrinin xarici siyasətinə və təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir. Xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti, Ermənistan-Azərbaycan sülh prosesi və Qərb dövlətlərinin regiondakı mövqeyi ətrafında müzakirələr aktuallığını qoruyur.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bu konteksdə Redaktor.az-a müsahibəsində həm keçmiş münaqişə dövrünə, həm də yeni geosiyasi reallıqlara dair mühüm məqamlara aydınlıq gətirib. O, ölkəmizdə keçiriləcək WUF13 tədbiri, dünyadakı son proseslərin iqtisadi təzyiqlərinin Azərbaycana təsirləri barədə də fikirlərini bölüşüb.

- Mütəllim bəy, ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələr səngimək bilmir. Qərb dairələri, xüsusilə Minsk qrupunun üzvləri onu müdafiə etməyə çalışırlar.  Sizcə, bu qurumun fəaliyyəti necə qiymətləndirilməlidir?

- ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə faktiki olaraq yarıtmaz və uğursuz fəaliyyət göstərdi. Formal olaraq vasitəçi missiyası daşısa da, reallıqda Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə xidmət edən yanaşmalar ortaya qoyurdu. Münaqişənin həllinə deyil, onun dondurulmasına çalışırdı. Halbuki ortada BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri var idi. Lakin Minsk qrupu bu sənədlərin icrası üçün real təzyiq göstərmədi. Əksinə elə bir siyasət aparırdı ki, Azərbaycan işğal olunmuş torpaqlarının itirilməsi ilə barışsın. Faktiki olaraq ATƏT-in Mins qrupu ermənilərin maraqları üçün çalışdı. Təsəvvür edirsinizmi Azərbaycan ərazilərinin geri qaytarılması üçün hansı böyük müqaviməti dəf edib. Ermənistan bu böyük bəlanın yalnız görünən tərəfidir.

- Həmsədr ölkələrin yanaşmasında hansı ortaq maraqlar görünürdü?

- ABŞ, Rusiya və Fransa dünyanın ən güclü dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və nüvə dövlətləridir. Onlar bölgədə idarə olunan qeyri-müəyyənliyin saxlanılmasında maraqlı idilər. Çünki belə vəziyyət həm onların təsir imkanlarını qoruyur, həm də region dövlətlərinin tam müstəqil siyasət yürütməsini çətinləşdirirdi. Təəssüf ki, bu dövlətlər beynəlxalq hüququn qarantı olmaq əvəzinə, ona selektiv yanaşırdılar. Maraqları uyğun gələndə qətnamələrin icrasını tələb edirdilər, uyğun gəlməyəndə isə həmin sənədləri illərlə kağız üzərində saxlayırdılar.

44 günlük Vətən müharibəsindən sonra reallıq dəyişdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Müharibədən sonra Bakıya gələn həmsədrlərə Prezidentin “sizi biz dəvət etməmişik, artıq sizə ehtiyac yoxdur” mesajı verməsi yeni geosiyasi reallığın açıq nümayişi idi. Faktiki olaraq ATƏT-in Minsk qrupu tarixə gömüldü.

Bu qurum tarixdə diplomatik riyakarlığın, ikili standartların və müstəmləkə təfəkkürünün nümunəsi kimi qalacaq.

- Ermənistanın bugünkü siyasətini necə xarakterizə edərdiniz? Biz Ermənistanın sülh təşəbbüslərinə inana bilərikmi?

- Ermənistan tarix boyu müstəqil siyasət yürüdə bilən dövlət olmayıb. Dövlətçilik ənənələrinin olmaması səbəbindən daim hansısa böyük gücün himayəsinə sığınıb. Müəyyən bir dövrdə bu rol Rusiyaya məxsus idi, indi isə Fransa bu boşluğu doldurmağa çalışır. Ermənistan faktiki olaraq geosiyasi alət kimi istifadə olunub, indi də bu davam edir.

- Fransa Prezidenti Emmanuel Makron bu günlərdə Ermənistana səfər etdi. Ümumiyyətlə, Fransanın bölgədəki rolunu necə qiymətləndirirsiniz?

- Fransa neokolonialist siyasətini Cənubi Qafqaza daşımağa çalışır. Bu gün Afrikada sıxışdırılan rəsmi Paris yeni təsir zonaları axtarır. Ermənistan da bu siyasətin alətinə çevrilməyə meyillidir. Təsadüfi deyil ki, həm BMT-nin neokolonializmlə bağlı hesabatlarında, həm də Qoşulmama Hərəkatının və Bakı Təşəbbüs Qrupunun bəyanatlarında Fransanın müstəmləkəçilik siyasəti sərt tənqid olunur. Azərbaycan bu məsələləri beynəlxalq müstəviyə çıxararaq Fransanın ikili standartlarını ifşa edən əsas ölkələrdən biridir. Təəssüf ki, Fransa demokratiya, insan haqları adı altında pərdələnərək uzun müddətdir ki, sümürgəçilik siyasəti aparır. Yalançı vədlərlə xalqları, siyasi qüvvələri bir-birinə qarşı qoyaraq siyasi, hərbi və iqtisadi maraqlarını reallaşdırır.

- Makronun Cənubi Qafqaz regionunda apardığı siyasəti necə qiymətləndirmək olar. O öz məqsədinə nail ola biləcəkmi?

- Reallıq budur ki, Makronun Fransadakı reytinqi son dərəcə aşağıdır və o, daxili problemləri xarici siyasət şouları ilə ört-basdır etməyə çalışır. Ermənistana səfəri də növbəti belə tamaşa sayıla bilər. Çünki bölgənin reallıqlarını Azərbaycan və Türkiyə müəyyən edir. Makron Ermənistana səfərini Türkiyə üzərindən həyata keçirmək istəyirdi, amma Prezident İlham Əliyev və Prezident Rəcəp Tayyib Ərdoğan buna imkan vermədilər. Bu, iki qardaş ölkənin bölgədə formalaşdırdığı yeni siyasi xəttin göstəricisidir. Təəssüf ki, müəyyən dairələrdə bu ideyanı dəstəkləyənlər də vardı, amma Ankara və Bakının qətiyyəti həmin yanaşmaları iflasa uğratdı.

- Azərbaycan-Ermənistan arasında sülh prosesi kifayət qədər yavaş gedir. Sülh müqaviləsinin bəndləri razılaşdırılsa da müqavilənin imzalanmaması hansı məqamları ön plana çıxarır?

– Bu gün sülh prosesinin əsas təşəbbüskarı və təminatçısı Azərbaycandır. Ermənistan isə çox zaman müxtəlif konfranslar, seminarlar və siyasi şoularla beynəlxalq ictimaiyyət qarşısında görüntü yaratmağa çalışır. Əgər doğrudan da Ermənistan sülh prosesinə dəstək verirsə, o zaman Ermənistandakı Avropa İttifaqının missiyasının mövcudluğu hansı məqsədə xidmət edir? Bu missiya sabitliyə yox, gərginliyin saxlanmasına xidmət edir. Fransanın dəstəklədiyi “binokl diplomatiyası” da bunun tərkib hissəsidir.

- Ermənistanda revanşist qüvvələrin yenidən fəallaşması sülhə təhlükə yarada bilərmi?

- Əlbəttə. Əgər revanşist qüvvələr yenidən hakimiyyətə gəlsələr və Azərbaycana qarşı yeni iddialar irəli sürsələr, Azərbaycan öz təhlükəsizliyi, ərazisinin toxunulmazlığı üçün bütün lazımi addımları atmalıdır. Dövlətimizin təhlükəsizliyi və ərazi bütövlüyü məsələsində heç bir güzəşt mümkün deyil.

- WUF13 tədbirinin Azərbaycanda keçirilməsinə ehtiyac vardımı və bu bizə yaxşı nə vəd edir?

– WUF13 Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm platformadır. Bu tədbir ölkəmizin urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhərsalma siyasətini dünyaya nümayiş etdirmək üçün böyük imkan yaradacaq. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də bu kontekstdə xüsusi maraq doğurur.

- Dünyadakı son proseslərin iqtisadi təzyiqləri, o cümlədən Azərbaycana təsirləri barədə nə düşünürsünüz?

- İsrail və ABŞ-nin İranla qarşıdurması və xüsusilə Hörmüz boğazı ətrafındakı risklər dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Dünya neftinin təxminən 20 faizi bu boğazdan keçir. Burada yaranacaq hər hansı bağlanma və ya hərbi eskalasiya enerji qiymətlərini və ərzaq bazarlarını ciddi şəkildə silkələyəcək. Dünyada ərzaq qiymətlərinin artması da məhz bu geosiyasi risklərlə bağlıdır. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycandakı sabitlik, təhlükəsizlik və əmin-amanlıq xüsusilə qiymətləndirilməlidir. Əhali üçün zəruri istehlak məhsullarının bolluğunu və qiymətlərinin sabitliyinin təmin edilməsi bundan sonra prioritet vəzifə olaraq qalmalıdır. Bütün bunlar Azərbaycanın regionda ən sabit və proqnozlaşdırılan dövlətlərindən biri olaraq qalmasına səbəb olacaq.

AYSEL

Chosen
15
1
redaktor.az

2Sources