EN

İran savaşı sabah yenidən başlayır: "Tramp Çin dönüşü yeni hücum qərarı alıb!"

Yaxın Şərq yenidən böyük müharibənin astanasındadır. Son saatlarda xüsusilə Amerika mərkəzli media quruluşlarının yaydığı məlumatlar, Vaşinqtonun Körfəz bölgəsində sürətlə artan hərbi fəallığı, ABŞ prezidenti Donald Trampın Çin səfərindən sonra verdiyi mesajlar və beynəlxalq analitik mərkəzlərin ard-arda yayımladığı proqnozlar dünyanın diqqətini yenidən İran-ABŞ-İsrail qarşıdurmasına yönəldib. Musavat.com xəbər verir ki, xüsusilə Axios başda olmaqla bir sıra Qərb media platformaları yaxın saatlarda və ya sabahdan etibarən bölgədə yeni hərbi mərhələnin başlaya biləcəyi ilə bağlı iddiaları gündəmə gətirirlər.

CROSSMEDIA

Məsələnin ən diqqət çəkən tərəfi budur ki, bu dəfə müharibə ehtimalları təkcə İran-İsrail xəttində deyil, artıq birbaşa Amerika faktorunun ön plana çıxması fonunda müzakirə olunur. Dünya mediasında yayılan şərhlərdə əsas diqqət Tramp administrasiyasının Çinlə əldə etdiyi anlaşmalara və bunun İran məsələsinə mümkün təsirlərinə yönəlib. İddialara görə Vaşinqton Pekinlə müəyyən strateji razılaşmalar əldə etməyə nail olub və bu anlaşmalar nəticəsində Çin İran məsələsində əvvəlki qədər sərt mövqe nümayiş etdirməyə bilər.

ABŞ

Bəzi Qərb analitiklərinə görə ABŞ-Çin yaxınlaşmasının əsas səbəblərindən biri enerji təhlükəsizliyi məsələsidir. Xüsusilə də Hörmüz boğazının uzun müddətdir qapalı qalması və dünya enerji bazarında yaranmış qeyri-müəyyənlik Pekini alternativ enerji mənbələri axtarmağa məcbur edib. İddialara əsasən Çin Amerika neftinin alışını artırmaq və Körfəzdəki risklərdən asılılığı azaltmaq istiqamətində müəyyən iqtisadi razılaşmalara gedib. Bu səbəbdən də hazırda dünya mediasında ən çox müzakirə olunan suallardan biri belədir: “Çin İranı satdımı?”

Qlobal informasiya məkanında artıq bu sual ətrafında ciddi debatlar başlayıb. Bir çox beynəlxalq şərhçi hesab edir ki, Pekin Vaşinqtonla münasibətləri sabitləşdirmək naminə İran məsələsində müəyyən geri addımlar ata bilər. Onların fikrincə, Çin üçün hazırkı mərhələdə əsas prioritet iqtisadi sabitlik, ticarət müharibəsinin səngiməsi və ABŞ bazarına çıxış imkanlarının qorunmasıdır. Belə bir şəraitdə İran uğrunda Amerika ilə açıq qarşıdurmaya getmək Pekin üçün sərfəli görünmür.

ABŞ

Ancaq bunun tam əksini düşünənlər də az deyil. Digər analitik qrup hesab edir ki, ABŞ-Çin anlaşmaları yalnız iqtisadi xarakter daşıyır və İran məsələsində strateji əməkdaşlıqdan danışmaq hələ tezdir. Bu yanaşmaya görə Çin İranı bölgədə Amerika hegemoniyasına qarşı əsas geosiyasi balans alətlərindən biri hesab edir və Tehranı tam şəkildə tək buraxması real görünmür. Buna görə də “Çin İranı satdı” tezisini emosional və şişirdilmiş yanaşma hesab edənlər də kifayət qədərdir.

Lakin bütün bu müzakirələrin fonunda dəyişməyən əsas həqiqət budur ki, bölgədə hərbi hazırlıq görünməmiş səviyyəyə çatıb. ABŞ-ın Körfəzə əlavə hərbi qüvvələr göndərməsi, müşahidəçi və kəşfiyyat təyyarələrinin bölgəyə cəmləşdirilməsi, elit desant və xüsusi təyinatlı birliklərin Yaxın Şərqə daşınması artıq açıq mənbələrdə də geniş şəkildə müzakirə olunur. Amerika donanmasının bölgədəki aktivliyi, hərbi logistikanın intensivləşməsi və İran ətrafında formalaşan blokada görüntüsü istər-istəməz yeni hücum ehtimalını gündəmə gətirir.

ABD

Hazırda ən çox verilən suallardan biri də budur: Vaşinqton yalnız hava hücumlarına hazırlaşır, yoxsa artıq quru əməliyyatı ssenarisi də masadadır? Bəzi iddialara görə ABŞ İranın strateji nöqtələrinə, xüsusilə Xark adası və enerji infrastrukturlarına nəzarəti ələ keçirməklə Tehran hakimiyyətini tam təslimiyyətə məcbur etməyə çalışa bilər. Bu ssenarilər hələ rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki hərbi dinamika belə ehtimalları tamamilə istisna etməyə imkan vermir.

Xatırladaq ki, istər 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədə, istərsə də 2026-cı ilin fevralından başlayan və təxminən 40 gün davam etdikdən sonra atəşkəslə dayandırılan şiddətli bombardımanlar və "raket müharibəsi" ilə tərəflərin heç biri tam və qəti qələbə əldə edə bilmədi. Həm Iran, həm ABŞ, həm də İsrail öz ictimaiyyətinə uğur mesajları versə də, dünyanın nüfuzlu media quruluşları və aparıcı ekspertləri bu savaşın qalibsiz başa çatdığını xüsusi vurğulayırlar.

ABD

Məhz buna görə də indi Vaşinqtonun əsas məqsədinin yarımçıq qalan prosesi tamamlamaq olduğu barədə şərhlər geniş yayılıb. Amerika üçün burada söhbət yalnız İranın zəiflədilməsindən getmir. Məsələ həm də ABŞ hərbi gücünün nüfuzu, bölgədəki strateji çəkisi və müttəfiqlərinə verdiyi təhlükəsizlik mesajları ilə bağlıdır. Əgər Vaşinqton geri çəkilmiş görüntüsü yaratsa, bu, yalnız Yaxın Şərqdə deyil, bütövlükdə qlobal güc balansında Amerika üçün ciddi reputasiya itkisi anlamına gələ bilər.

Digər tərəfdən Tehran da vəziyyətin fərqindədir və hazırda bütün resurslarını mümkün yeni hücum dalğasına qarşı səfərbər etməyə çalışır. İranın müdafiə sistemlərinin aktivləşdirilməsi, strateji obyektlərin qorunması, SEPAH qüvvələrinin döyüş hazırlığının artırılması və regional müttəfiqlərlə koordinasiyanın gücləndirilməsi bunu göstərir. İran hakimiyyəti anlayır ki, qarşıdakı mərhələ əvvəlkilərdən daha ağır ola bilər və söhbət artıq təkcə hava zərbələrindən yox, rejimin taleyindən gedə bilər.

İran

Hazırda bölgədəki böhranın ən təhlükəli tərəflərindən biri də Hörmüz boğazı məsələsidir. Təxminən üç aya yaxındır ki, İranla ABŞ arasında davam edən gərginlik nəticəsində boğaz faktiki olaraq tam təhlükəsiz marşrut statusunu itirib. Dünya enerji bazarları hələ də bu böhranın təsiri altındadır. İran limanlarının mühasirəsi, Tehran neftinin dünya bazarına çıxışının əngəllənməsi, İran gəmilərinin Hind okeanına çıxışında yaranan problemlər bölgədə iqtisadi savaşın da hərbi qarşıdurma qədər ciddi xarakter aldığını göstərir.

Maraqlıdır ki, artıq beynəlxalq ekspert dairələrində belə bir fikir də formalaşır: əgər yaxın günlərdə yeni hücum başlasa, bu, əvvəlki mərhələlərdən fərqli olaraq daha uzunmüddətli və daha dağıdıcı ola bilər. Çünki indi tərəflər yalnız taktiki üstünlük deyil, strateji nəticə əldə etməyə çalışırlar. Vaşinqton İranı tam şəkildə geri çəkilməyə məcbur etmək istəyirsə, Tehran da rejimin və dövlətin varlığını qorumaq uğrunda bütün imkanlarını işə salmağa hazır görünür.

todaypress.tv

Bütün bunların fonunda dünya mediası, analitik mərkəzlər və təhlükəsizlik institutları eyni sual üzərində dayanırlar: Tramp Çin səfərindən qayıtdıqdan dərhal sonra -yəni sabah yeni savaş qərarı verəcəkmi? Hazırda bu suala qəti cavab yoxdur. Ancaq bölgədəki hərbi hazırlıq, diplomatik ritorikanın sərtləşməsi, enerji böhranının dərinləşməsi və qlobal medianın gündəminin tam şəkildə İran üzərinə köklənməsi göstərir ki, Yaxın Şərq növbəti böyük sarsıntının astanasındadır.

R. Abbasov,
Musavat.com

Chosen
25
28
musavat.com

10Sources