
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk ölkələri arasındakı münasibətlərə sistemli xarakter verilməsinin vacibliyini bildirib.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, o, bunu Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi sammitində deyib.
"Qarşımızda təxirəsalınmaz vəzifə durur - münasibətlərimizə sistemli xarakter vermək. Bu əvəzsiz irsə əsaslanaraq, bu gün Türk dünyasının rəqəmsal inkişafının yeni dövrünü yaradırıq. Bununla əlaqədar olaraq, bu istiqamətdə əməkdaşlığın inkişafına dair bir sıra təşəbbüslər irəli sürmək istərdim", - o bildirib.
Ş.Mirziyoyev təşkilat çərçivəsində süni intellekt sahəsində strateji əməkdaşlıq şəbəkəsinin formalaşdırılmasını, eləcə də regional data-mərkəzləri yüksəksürətli rabitə kanalları ilə birləşdirə biləcək "Rəqəmsal Türk Dəhlizi" konsepsiyasının hazırlanmasını təklif edib.
Prezident qeyd edib ki, son illərdə ölkə xarici investorlarla birgə data-mərkəzlərin yaradılmasına 6 milyard dollar investisiya cəlb edib. O, həmçinin Daşkənddə TDT ölkələrinin iştirakı ilə Texnologiya forumunun keçirilməsi planları barədə məlumat verib.
Onun sözlərinə görə, TDT ölkələrinin ümumi məqsədi elm, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlığın dərinləşdirilməsidir. O, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin regional elmi-maarifləndirici platforma kimi artan rolunu qeyd edib və orada TÜRKSOY ofisinin açılmasını alqışlayıb. Özbəkistan Prezidenti tarixi-mədəni irsin vahid rəqəmsal platformada sistemləşdirilməsi üçün Mərkəzin, TÜRKSOY-un və Türk Akademiyasının səylərini birləşdirməyi təklif edib.