EN

Qətliam kimi YOL qəzası – Gəncliyin çılğınlığı, yoxsa...  

Xəbər verildiyi kimi, Borçalıda 7 gəncin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Yerli sakinlərin sözlərinə görə, qəzada həyatını itirənlərin demək olar hamısı eyni yaşda – 18 yaşda olub.

Bildirilir ki, onlar bir-birləri ilə yaxın münasibətdə olan, birlikdə idmanla məşğul olan dostlar imiş. Hadisə şahidlərindən biri aktual.ge-yə açıqlamasında bildirib ki, qəza onun yaşadığı ərazinin yaxınlığında baş verib:

“Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar hamısı yaşıd idi - 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”. Məlumata görə, faciə mayın 14-də səhər saatlarında qeydə alınıb. Ağır qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Bu, son dərəcə ürək ağrıdan, faktiki qətliam kimi bir yol-nəqliyyat hadisəsidir. Bəs gənclərimizi necə qoruyaq? Valideynlər nələrə diqqət etməlidir? Əsas səhvlər nədir - təcrübəsizlik, sürət amma, gənclik çılğınlığı, yoxsa nə?

Elməddin

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, Borçalıda baş verən və 7 gəncin həyatına son qoyan bu dəhşətli qəza adi yol-nəqliyyat hadisəsi deyil: “Bu bir ailənin yox, bir nəslin faciəsidir. Bir-birinə dost, yaşıd, idmançı olan 18 yaşlı uşaqların bir anda həyatını itirməsi cəmiyyət üçün çox ciddi siqnaldır. Burada təkcə sürət məsələsi yoxdur. Burada nəzarətsizlik, məsuliyyətsizlik, yanlış “qəhrəmanlıq” anlayışı və sosial psixologiya problemi var”.

Ekspert deyir ki, sükan arxasına keçən yeniyetmələrdə “mənə heç nə olmaz” düşüncəsi hakim olur: “Bu yaşda gənclər sürəti təhlükə yox, adrenalin hesab edirlər. Sükan arxasında özlərini sürücü deyil, yarışçı kimi aparırlar. Sosial şəbəkələrdə “drift”, yüksək sürət, təhlükəli manevr videolarının qəhrəmanlaşdırılması da gənclərə psixoloji təsir edir. Nəticədə avtomobil nəqliyyat vasitəsi olmaqdan çıxır, özünü təsdiq alətinə çevrilir. Ən ağır məsələ isə valideynlərin bir qismi övladına avtomobil alanda onun psixoloji hazırlığını yoxlamır. 18 yaşlı gəncin əlində yüksək sürətli maşın olması bəzən silah vermək qədər təhlükəli olur. Təcrübə yoxdur, risk hissi zəifdir, amma özgüvən həddindən artıq yüksəkdir. Xüsusilə dostlarla birlikdə avtomobildə olan zaman sürücü daha təhlükəli davranır. Çünki artıq sükan arxasında ağılla yox, emosiyalarla qərar verir”.

Ekspertin fikrincə bu cür qəzaların bir çoxunda ortaq məqam var: “Əsasən yüksək sürət, gecə və ya səhər saatları, avtomobildə çox sayda gəncin olması, təhlükəli ötmə, təhlükəsizlik kəmərinin taxılmaması və sürücülük təcrübəsinin azlığı. Avtomobil oyuncağa çevriləndə son dayanacaq acı reallıq olur, ya da əlil arabası. Valideynlər burada yalnız “ehtiyatlı sür” deməklə işlərini bitmiş hesab etməməlidir. Övladın kimlə gəzdiyinə, necə maşın sürdüyünə, hansı videolara baxdığına, hansı psixologiyada olduğuna diqqət edilməlidir. Bəzən ata öz sürücülük davranışı ilə uşağa pis nümunə olur. Qayda pozan, sürətlə sürən, polisə hörmətsiz yanaşan valideyn əslində gələcək faciənin toxumunu səpir. Digər problem isə cəzasızlıq hissidir. Gənclər düşünür ki, radar varsa yavaşlayaram, yoxdursa sürərəm. Bu artıq yol mədəniyyətinin yox, cərimə qorxusunun formalaşdığını göstərir. Halbuki məsələ həyat məsələsidir. Bu faciədən sonra cəmiyyət emosional status yazıb keçməməlidir. Məktəblərdə, idman klublarında, sürücülük kurslarında real qəza görüntüləri ilə maarifləndirmə aparılmalıdır. Gənclərə avtomobil idarə etməyin “prestij” yox, məsuliyyət olduğu başa salınmalıdır. Çünki bir anlıq sürət həvəsi 7 evə ömürlük matəm gətirdi. Bu artıq qəza deyil, düşüncəsizliyin kollektiv faciəsidir”.

 

E.Məmmədəliyev,
Musavat.com

Chosen
46
50
musavat.com

10Sources