Sabunçu rayonunda növbəti qanunsuz tikinti iddiası gündəmə gəlib...
Bizimesr.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində aparılan tikinti işləri zamanı 3 ağacın kəsildiyi iddia olunur. İddialara əsasən, tikilən obyekt Hacı Rasim Nəbiyevə məxsusdur. Bildirilir ki, Rasim Nəbiyev Bakixanov Çörək Zavodunun və “Möcüzə” marketlər şəbəkəsinin sahibidir.
Sakinlərin sözlərinə görə, ərazidə aparılan tikinti işləri ciddi narahatlıq yaradıb. Hazırda tikintinin hansı əsaslarla aparıldığı, müvafiq dövlət qurumlarından icazənin alınıb-alınmadığı məlum deyil.
Məsələ ilə bağlı diqqət çəkən əsas məqamlardan biri isə aidiyyəti qurumların susqunluğudur. Belə ki, qanunsuz tikinti və təhlükəsizlik məsələlərinə nəzarət etməli olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən indiyədək hər hansı rəsmi açıqlama verilməyib.
Yaşayış massivlərində aparılan tikinti işləri zamanı həm şəhərsalma normalarına, həm də ekoloji tələblərə ciddi şəkildə əməl olunmalıdır. Ağacların qanunsuz şəkildə kəsilməsi və icazəsiz tikinti halları isə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılmalıdır.
Qeyd edək ki, 2012-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.
Poliqon.info