EN

Afrikada böyük investisiya planı

Birləşmiş Ərəb Əmirliyinin nəhəng liman operatoru olan “DP World” şirkəti, Yaxın Şərqdəki gərginlik səbəbindən artan enerji xərclərinə baxmayaraq, Afrikadakı fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, şirkət son 5 ildə Afrikaya 4 milyard dollar investisiya qoyub və yaxın illərdə logistik dəhlizləri gücləndirmək üçün daha 4 milyard dollar xərcləməyi planlaşdırır.

Hazırda Mozambikdən Konqoya qədər geniş bir coğrafiyada liman və infrastruktur layihələri icra olunur. Konqo Demokratik Respublikasında ilk dərin sulu limanın tikintisi gələn ilin ilk rübündə yekunlaşacaq.

“DP World” rəsmisi Məhəmməd Akuji qeyd edib ki, regional münaqişələr əməliyyatlara ciddi təsir göstərir. Cənubi Afrikada yanacaq qiymətləri 75 faiz artıb. Şirkət Afrikada 7 mindən çox yük maşını idarə edir ki, bu da xərclərin kəskin artması deməkdir. Hörmüz boğazının bağlı qalması qlobal neft-qaz daşımalarını iflic edib və neftin qiymətini 100 dollardan yuxarı qaldırıb. Bu, həmçinin Cəbəl-Əli limanından Somali və Efiopiya istiqamətinə gedən yük axınlarını ləngidib.

Artan xərclər səbəbindən xidmət qiymətlərini qaldırmağa məcbur olan şirkət, hazırda əsas diqqətini Tanzaniya, Ruanda, Zambiya və Konqonu birləşdirən regional tədarük marşrutlarının inkişafına yönəldib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources