Böyük Britaniya iqtisadiyyatı, Yaxın Şərqdəki müharibə və enerji qiymətlərinin artmasına baxmayaraq, bu ilin ilk rübündə proqnozları üstələyən artım nümayiş etdirib.
Yanvar-mart aylarında Ümumi Daxili Məhsul (ÜDM) 0,6 faiz artıb. Bu, ötən ilin son rübündəki 0,2 faizlik artımdan xeyli yüksəkdir. Mart ayında iqtisadiyyat 0,3 faiz böyüyüb. Halbuki analitiklər bu ayda 0,2 faiz geriləmə gözləyirdilər. Artım əsasən xidmət, tikinti və istehsalat sektorlarındakı canlanma ilə bağlıdır.
İqtisadiyyat böyüsə də, regional münaqişələrin təsiri ticarət rəqəmlərində özünü göstərir. Belə ki, mart ayında yanacaq idxalı təxminən 2,4 milyard dollar artıb. Bu, 1997-ci ildən bəri qeydə alınan üçüncü ən böyük aylıq artımdır. Yaxın Şərqdəki gərginlik səbəbindən malların sürətlə ehtiyat yığılması mart ayında tələbatı müvəqqəti stimullaşdırıb.
Maliyyə naziri Riçel Rivz bu rəqəmləri hökumətin iqtisadi planının düzgün işləməsinin göstəricisi kimi qiymətləndirib. Lakin iqtisadçılar ehtiyatlı olmağa çağırır. İnflyasiya təzyiqi və neftin bahalaşması səbəbindən ilin növbəti rüblərində kiçik bir geriləmənin (resessiyanın) baş verə biləcəyi proqnozlaşdırılır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”