EN

​TÜRK XALQLARININ EŞIDİLMƏLİ OLAN SƏSİ… Azərbaycanla Krım tatarlarını birləşdirən nədir?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

SSRİ dövründə öz tarixi torpaqlarından deportasiya edilən xalqlar arasında türkdilli xalqların xüsusi yer tutduğu tarixi faktdır. Bu tarixin təkrarlanmaması üçün bir yandan həmin dövrün həqiqətlərilə dünyaya səs salmaq, digər yandan isə Türk xalqlarının birliyini, həmrəyliyini möhkəmləndirmək vacibdir.

Mayın 15-də Azərbaycanın Türkiyədəki Səfirliyi ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Ankarada təşkil etdiyi tədbirə digər Türk xalqlarının, o cümlədən də tarixi torpaqları indiki Rusiya ərazisində yerləşən türkdilli xalqların nümayəndələrini - ziyalılarını, diaspora rəhbərlərini və s. dəvət edib. Bunların arasında Krım tatarları da olub.

Krım tatarlarını azərbaycanlılarla birləşdirən dil, din, tarixi köklər və digər bir çox cəhətlərlə yanaşı, xalqlarımızın deportasiya fəlakəti də var. Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin öz ata-baba torpaqlarından ayrı salındığı kimi, Krım tatarları da onilliklər boyu sürgün həyatı yaşamaq məcburiyyətində qalıblar. Ona görə də xalqlarımız üçün milli kimliyin, dilin, tarixi yaddaşın və mədəni irsin qorunması xüsusi aktuallıq daşıyan məsələlərdəndir. Qloballaşma, assimilyasiya və geosiyasi transformasiyalar şəraitində xalqların öz mədəni irsini qoruması və gələcək nəsillərə ötürməsi mühüm vəzifədir. Bu baxımdan, xüsusilə dost xalqların səsinin beynəlxalq platformalarda eşidilməsi mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alsaq, Türkiyədəki səfirliyimizdə təşkil olunan yuxarıda qeyd etdiyimiz tədbirin əhəmiyyəti az deyil.

Onu da qeyd edək ki, Bakıda Krım tatarlarının deportasiyası və bunun fonunda Krımda baş verən faciəli hadisələrin növbəti ildönümü ərəfəsində, bu hadisələrdən bəhs edən "Haytarma"(Qayıdış) filmi nümayiş olunacaq. Film 18 may 1944-cü ildə başlayan Krım tatar xalqının vətənindən deportasiyasına həsr olunub...

Məlum məsələdir ki, müasir beynəlxalq münasibətlər sistemində humanitar diplomatiya, ictimai diplomatiya və yumşaq güc elementləri getdikcə daha böyük rol oynayır. Bu mənada, xalqlar arasında birbaşa təmasların təşviqi qarşılıqlı etimadın formalaşmasına və ortaq maraqlar əsasında əməkdaşlıq imkanlarının genişlənməsinə kömək edir.

Bu baxımdan Türk xalqları ilə sistemli təmasların qurulması həm humanitar diplomatiya, həm də iqtisadi və strateji kommunikasiyalar baxımından mühüm istiqamətdir. Məsələn, Qarabağdakı işğaldan azad edilmiş kəndlərimizin, şəhərlərimizin bərpasına Türkiyə, Özbəkistan və digər Türk dövlətlərinin verdiyi töhfələrin maddi tərəfindən daha çox mənəvi, psixoloji, ən əsası isə siyasi əhəmiyyəti var. Bu, təkcə Azərbaycanın deyil, ümumi Türk Birliyi maraqlarının Qarabağ kimi bütün dünyanın diqqət mərkəzində olan strateji əhəmiyyətli nöqtədə birləşməsinin, bütün Türk xalqlarının uzun illər ölkəmizin çalışdığı və sonda nail olduğu möhtəşəm qələbəsinin həm sevincini, həm nəticəsini, həm də məsuliyyətini bizimlə bölüşdüyünün göstəricisidir.

Bu birliyin daha bir göstəricisi hazırda Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşüdür. Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu qardaş ölkəyə səfərindən sonra bu gün Azərbaycan Prezidenti də Qazaxıstana gedib. Bütün bunlar onu göstərir ki, Türk Dövlətləri Təşkilatı daha da güclənir, strukturlaşır və möhkəmlənir. Və bu təşkilat getdikcə təkcə öz dövləti olanlar deyil, digər dövlətlərin ərazisindəki tarixi torpaqlarında yaşan Türk xalqları üçün də arxa, dayaq və istinad nöqtəsinə çevriləcək.

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
azpolitika.info

1Sources