Uqanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırması epidemiyasının baş qaldırdığını bəyan edib.
Redaktor.az bu haqda "Daily Monitor" qəzetinə istinadla məlumat verir.
Məlumata görə, söhbət virusun Bundibugyo yarımtipinin yayılmasından gedir. Nazirliyin verdiyi xəbərə görə, virus Uqandaya Konqo Demokratik Respublikasından keçib.
Bundan əvvəl Konqo Demokratik Respublikasında da Ebola qızdırması epidemiyası qeydə alınmışdı. İnfeksiya ocağının Monqvalu və Rvampara rayonlarında yerləşdiyi bildirilir.
Ebola (Ebola hemorragik qızdırması) kəskin, olduqca yoluxucu və ölümcül virus xəstəliyidir. Xəstəlik ağır intoksikasiya, kəskin hemorragik sindrom (çoxsaylı daxili və xarici qanaxmalar) ilə müşayiət olunur və ştammdan asılı olaraq 30-90% hallarda ölümcüldür.
Ebola virusu insanlara vəhşi heyvanlardan keçir, daha sonra isə insanlar arasında yayılır. Ebolanın ilkin simptomları sırasına yüksək qızdırma, əzələ qıcolmaları, baş və boğaz ağrıları daxildir.
Xədicə BAXIŞLI