EN

Zəngilandan dünyaya mesaj: İlham Əliyev regionda sülhün və gücün memarıdır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib. Rusiyanın RBK, “Vedomosti”, “Rossiyskaya qazeta”, “İzvestiya”, RT, REGNUM, “Komsomolskaya pravda”, “Moskovski komsomolets”, “Vzqlyad”, RTVI, Life, URA.RU, Lenta.ru, “Arqumentı i faktı” və digər nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları “boş söz” adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.

Milli Məclisin deputatı Vüqar İskəndərli Demokrat.az-a açıqlamasında deyib ki, ölkə Prezidenti İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri post-müharibə dövründə həmin ərazilərdə həyata keçirilən bütün geniş miqyaslı layihələrin birbaşa dövlət nəzarətində olduğunu göstərir:“Bölgədə aparılan quruculuq işləri, infrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin salınması, açılış mərasimləri və görüləcək işlərlə bağlı verilən tapşırıqlar Azərbaycanın bu əraziləri sürətlə yenidən dirçəltmək əzmindən xəbər verir. Bütün bunlar bir daha təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən strateji layihələr Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Prezidentin bu dəfə Zəngilanda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər də həm regional, həm də beynəlxalq müstəvidə böyük maraq doğurdu. Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətləri, sülh gündəliyi, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti, ATƏT-in Minsk qrupunun artıq tarixə çevrilmiş fəaliyyəti, Qərbin regiona yanaşması və digər mühüm siyasi məsələlər barədə açıq mesajlar verdi.Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında səslənən bəyanatlar təkcə Azərbaycanda deyil, Ermənistanda və digər ölkələrdə də diqqətlə izlənildi, beynəlxalq media tərəfindən geniş şəkildə işıqlandırıldı. Çünki onun səsləndirdiyi fikirlər yalnız region üçün deyil, qlobal siyasi proseslər baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında ilk növbədə Azərbaycanın milli maraqlarını və bu maraqlardan irəli gələn məsələlərin həlli istiqamətində görülən işləri ön plana çəkdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan nəticələr vasitəçilər olmadan, birbaşa dialoq yolu ilə mümkün olur. O, bəzi Qərb dairələrinin və xüsusilə Fransa rəhbərliyinin Ermənistana yönəlik bəyanatlarının sülh prosesinə xidmət etmədiyini qeyd etdi. Prezident Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə də toxunaraq bildirdi ki, bu missiyanın fəaliyyəti formal xarakter daşıyır və bölgədə real nəticə ortaya qoymur. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın Ermənistandan qorunmağa ehtiyacı yoxdur. Çünki Azərbaycan artıq öz torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin edib və həm beynəlxalq hüququ, həm də tarixi ədaləti öz gücü hesabına bərpa edib”.O bildirib ki, Zəngilandan verilən mesajların xüsusi rəmzi mənası da diqqət çəkir:“Bir zamanlar müharibənin ağır izlərini daşıyan bir bölgədən bu gün sülh çağırışlarının səsləndirilməsi Azərbaycanın regionda yaratmaq istədiyi yeni siyasi reallığın göstəricisidir. Bu, işğaldan azad edilmiş ərazilərin artıq qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrildiyini nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin məhz həmin bölgədən sülh mesajları verməsi Azərbaycanın regionda dayanıqlı sabitliyin əsas təşəbbüskarlarından biri olduğunu göstərir. Bu gün artıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan siyasət real nəticələr verməkdədir. Gözləntilər ondan ibarətdir ki, Ermənistanda daxili siyasi proseslərin tamamlanması, xüsusilə konstitusiya dəyişikliyi ilə bağlı məsələlərin həllindən sonra tərəflər sülh müqaviləsinin imzalanmasına daha da yaxınlaşacaq. Mövcud proses göstərir ki, iki ölkə vasitəçilər olmadan da bir masa arxasında oturaraq nəticə əldə edə bilir. Bu prosesin əsas hərəkətverici qüvvəsi isə məhz Azərbaycandır, Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradədir. Prezidentin Zəngilandan verdiyi mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan bu gün regionda yalnız güclü dövlət deyil, həm də sülhü təşviq edən, humanist dəyərləri ön plana çıxaran və sabit gələcək qurmağa çalışan aparıcı siyasi aktordur”.Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyevin Zəngilanda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş rezonans doğurdu:“Hər zaman olduğu kimi, dövlət başçısının çıxışı dünya mediasında diqqətlə izlənildi və müxtəlif siyasi dairələrdə geniş müzakirə olundu. Çünki Prezident İlham Əliyevin bəyanatları təkcə regional məsələlərə münasibət deyil, eyni zamanda Azərbaycanın gələcək siyasi kursunun və strateji baxışının təqdimatı kimi qəbul edilir. Dövlət başçısı çıxışında ilk növbədə Avropa ölkələrinin və bəzi beynəlxalq dairələrin Ermənistanla bağlı sərgilədiyi mövqeyə toxundu. Prezident Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi məsələsinə diqqət çəkərək bildirdi ki, bu missiyanın fəaliyyəti sanki Ermənistanın qorunması görüntüsünü yaratmağa hesablanıb. İlham Əliyev vurğuladı ki, əgər həmin qüvvələrin Ermənistana real dəstək vermək imkanları olsaydı, bunu 2020-ci ildə edərdilər. Azərbaycan öz torpaqlarını heç kimin köməyi olmadan, öz gücü və siyasi iradəsi hesabına işğaldan azad edib. Prezident bir daha bəyan etdi ki, Azərbaycanın Ermənistanın suverenliyinə və müstəqilliyinə qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan yalnız öz tarixi torpaqlarını işğaldan azad edib və beynəlxalq hüququ öz gücü ilə təmin edib. Dövlət başçısı qeyd etdi ki, müharibədən sonra belə bəzi Avropa qurumlarının Azərbaycana qarşı qərəzli münasibəti davam edib və bu, xüsusilə Avropa Parlamentində qəbul edilən qətnamələrdə açıq şəkildə özünü göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev qəti şəkildə vurğuladı ki, heç bir xarici təzyiq Azərbaycanın siyasi iradəsini sındıra bilməz və Azərbaycan öz strateji məqsədlərinə ardıcıl şəkildə çatmağı bacarıb”.O diqqətə çatdırıb ki, çıxış zamanı Prezident işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən dağıntılar və vandalizm aktlarından da bəhs etdi:

“Dövlət başçısı xüsusilə vurğuladı ki, işğal illərində təkcə şəhər və kəndlər deyil, həm də Azərbaycanın təbiəti və ekoloji resursları ciddi şəkildə məhv edilib. Prezidentin sözlərinə görə, 60 min hektara yaxın meşə fondu ermənilər tərəfindən məhv olunub və bu, dünya miqyasında nadir rast gəlinən ekoloji terror nümunəsidir. O qeyd etdi ki, işğal dövründə Azərbaycan ərazilərində talançılıqla məşğul olanlar yalnız hərbi qüvvələr deyil, eyni zamanda qanunsuz şəkildə həmin ərazilərə gələn erməni sakinləri də olub. Bununla yanaşı, Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan bu gün regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir. Dövlət başçısı qeyd etdi ki, sülh prosesinə start verən də, onu irəli aparan da məhz Azərbaycandır. Bu isə ölkənin gücünün, siyasi qətiyyətinin və strateji baxışının nəticəsidir. Prezidentin mesajlarında bir daha aydın hiss olunurdu ki, Azərbaycan regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıq və sabitlikdə görür. İlham Əliyev çıxışında Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi humanist mövqeyə də xüsusi diqqət ayırdı. O vurğuladı ki, Ermənistan Azərbaycanın şəhərlərini raket atəşinə tutaraq dinc sakinləri hədəf aldığı halda, Azərbaycan tərəfi beynəlxalq humanitar hüququn tələblərinə tam şəkildə əməl edib. Prezident qeyd etdi ki, müharibə dövründə Azərbaycan ordusu tərəfindən dinc erməni əhalisinə qarşı heç bir zorakılıq törədilməyib. Əksinə, ermənilər Qarabağı tərk edərkən Azərbaycan polisi onlara humanitar dəstək göstərib, su və ərzaq təqdim edib. Dövlət başçısı bildirdi ki, məhz bu humanist yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib və ölkəmizin müsbət imicini möhkəmləndirib”.Sabiq deputat əlavə edib ki, Prezident Zəngilanda və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxundu:

“Dövlət başçısı vurğuladı ki, azad olunmuş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında müasir yaşayış məntəqələri qurulur və insanların rahat yaşayışı üçün bütün şərait yaradılır. Eyni zamanda, bölgədə mühüm infrastruktur layihələrinin sürətlə və yüksək keyfiyyətlə icra olunduğu qeyd edildi. Prezident İlham Əliyev bildirdi ki, son beş ildə işğaldan azad olunmuş ərazilərdə 42 meqavatt gücündə elektrik enerjisi istehsal edəcək stansiyalar yaradılıb. Bu layihələrdə həm günəş, həm də külək enerjisindən istifadə olunur və gələcəkdə alternativ enerji istehsalının daha da genişləndirilməsi nəzərdə tutulur. Dövlət başçısı Zəngilanın strateji əhəmiyyətinə də xüsusi diqqət çəkərək qeyd etdi ki, gələcəkdə bu rayon regional nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcək. Prezident vurğuladı ki, Zəngilan həm Ermənistan, həm də İranla həmsərhəd olan yeganə rayonumuzdur və bu amil onun geostrateji əhəmiyyətini daha da artırır. Çıxış zamanı yaxın gələcəkdə Zəngilana dəmir yolunun çəkiləcəyi, eyni zamanda Xankəndiyə də dəmir yolu əlaqəsinin qurulacağı bildirildi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz resursları və imkanları hesabına işğaldan azad edilmiş bütün ərazilərdə böyük quruculuq işləri həyata keçirir və bu proses bundan sonra da eyni sürətlə davam etdiriləcək. Bütün bunlar bir daha göstərir ki, bu gün Azərbaycan yalnız hərbi və siyasi gücü ilə deyil, həm də sülhə, quruculuğa və humanizmə əsaslanan dövlət siyasəti ilə regionda yeni reallıq formalaşdırır. Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar da Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, regionda dayanıqlı sülhün əsas təşəbbüskarına çevrildiyini və gələcəyini inkişaf üzərində qurduğunu bir daha nümayiş etdirdi”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
demokrat.az

1Sources