ABŞ prezidenti qərarın Çinlə münasibətlərdən asılı olduğunu bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tayvana 12 milyard dollar dəyərində Amerika silahlarının tədarükü məsələsinin hələlik dayandırıldığını açıqlayıb. O bildirib ki, Vaşinqtonun gələcək addımları əsasən Çinlə münasibətlərin inkişafından asılı olacaq.
“Hazırda bu qərarı təxirə salıram, hər şey Çindən asılıdır. Açığını desəm, bu məsələ bizim üçün danışıqlarda çox güclü kozırdır. Söhbət böyük həcmdə silahdan gedir. On iki milyard dollar çox böyük həcmdə silah deməkdir”, deyə ABŞ prezidenti Fox News telekanalına müsahibəsində bildirib.
Məlumata görə, 13–15 may tarixlərində Donald Trampın Çinə səfəri baş tutub. Səfər çərçivəsində o, Çin Xalq Respublikasının sədri Xi Jinping ilə danışıqlar aparıb. Tramp bildirib ki, keçirilən görüşlərin nəticələri ABŞ-ın Tayvanla bağlı siyasətinə təsir göstərməyib.
ABŞ prezidenti daha əvvəl də Si Cinpinin Tayvan məsələsində “çox sərt mövqeyə” malik olduğunu vurğulamışdı. Vaşinqtonun Tayvana mümkün silah satışını dayandırması isə ABŞ–Çin münasibətlərində yeni diplomatik balans axtarışının göstəricisi kimi qiymətləndirilir.
Qeyd olunur ki, Vaşinqton uzun illərdir Tayvana müdafiə xarakterli silah sistemləri təqdim edir. Çin isə bunu öz suverenliyinə və ərazi bütövlüyünə müdaxilə hesab edir. Pekin Tayvanı öz ərazisinin bir hissəsi sayır və xarici dövlətlərin ada ilə hərbi əməkdaşlığına kəskin etiraz edir.
Analitiklərin fikrincə, Tramp administrasiyasının bu məsələni danışıqlarda təzyiq aləti kimi saxlaması ABŞ və Çin arasında ticarət, təhlükəsizlik və geosiyasi maraqlarla bağlı müzakirələrdə əlavə təsir vasitəsi ola bilər.
Poliqon.info