EN

Aİ missiyası sabitliyə töhfə verməkdən daha çox, əlavə geosiyasi təsir alətinə çevrilə bilər

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ətrafında formalaşan beynəlxalq siyasi proseslər bu gün də regionda müzakirə olunan əsas məsələlərdən biridir.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

O bildirib ki, münaqişənin uzun illər həll olunmamasında beynəlxalq vasitəçilik institutlarının fəaliyyəti ciddi suallar doğurub. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlayan qarşıdurma təkcə iki ölkə arasında deyil, bütövlükdə regionun təhlükəsizliyinə təsir edən problemə çevrilmişdi. Hələ SSRİ dövründə təməli qoyulan bu münaqişə Sovet İttifaqının dağılmasından sonra daha da dərinləşdi və Azərbaycanın torpaqlarının işğalı ilə nəticələndi. Həmin dövrdə beynəlxalq təşkilatlar və dünya birliyi Ermənistanın işğalçı siyasətini dəfələrlə pisləsə də, qəbul olunan qərarlar praktik nəticə vermədi.

1992-ci ildə Azərbaycan və Ermənistanın ATƏM-ə qoşulması, sonradan isə qurumun ATƏT formatında fəaliyyətini davam etdirməsi münaqişənin sülh yolu ilə həlli üçün müəyyən ümidlər yaratmışdı. Xüsusilə Minsk qrupunun yaradılması və ABŞ, Rusiya, Fransa kimi dövlətlərin həmsədr statusu alması problemin həllinə yönəlmiş beynəlxalq mexanizm kimi təqdim olunurdu. Lakin illər keçdikcə bu institutun fəaliyyəti daha çox status-kvonun qorunmasına xidmət edən mexanizm kimi qiymətləndirilməyə başladı.

"Ən çox tənqid olunan məqamlardan biri həmsədr dövlətlərin məsələyə selektiv yanaşması idi. Fransa Ermənistanı açıq şəkildə müdafiə edən mövqeyi ilə seçilir, Rusiya regiondakı təsir imkanlarından istifadə edərək balansı öz maraqları çərçivəsində qorumağa çalışır, ABŞ isə əsasən diplomatik bəyanatlarla kifayətlənirdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində real təzyiq mexanizmləri formalaşdırılmadı.

Bu müddətdə Ermənistanın sülh danışıqlarını uzatması, status-kvonu saxlamağa çalışması və vaxtaşırı hərbi təxribatlara əl atması da beynəlxalq vasitəçilər tərəfindən ciddi şəkildə qarşısı alınmayan proseslərdən biri oldu. Halbuki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edirdi",- deyə S. Xasayeva vurğulayıb.

Deputat əlavə edib ki, işğal dövründə Azərbaycan ərazilərində həyata keçirilən dağıntılar, tarixi və dini abidələrin məhv edilməsi, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Buna baxmayaraq, uzun illər ərzində Azərbaycan kompromisə əsaslanan “təslimçi sülh” modelinə razı salınmağa çalışılırdı. Hətta “Dağlıq Qarabağ” ifadəsinin ayrıca siyasi status kimi təqdim edilməsi cəhdləri də müşahidə olunurdu.

Bu gün isə regionda yeni siyasi reallıq formalaşıb və tərəflər sülh prosesinin davam etdiyini bəyan edirlər. Belə bir şəraitdə Ermənistanda fəaliyyət göstərən Aİ missiyası ilə bağlı müzakirələr də aktuallığını qoruyur. Bu missiya bölgədə sabitliyə töhfə verməkdən daha çox əlavə geosiyasi təsir alətinə çevrilə bilər. Xüsusilə Fransanın bu missiyanın əsas dəstəkçilərindən biri olması müxtəlif suallar doğurur və “binokl diplomatiyası” ifadəsi də məhz bu yanaşmanın simvolu kimi təqdim edilir.

Bütün bunların fonunda əsas məsələ regionda uzunmüddətli və davamlı sülhün hansı mexanizmlərlə təmin olunacağıdır. Görünən odur ki, Cənubi Qafqazda sabitliyin qorunması üçün xarici müdaxilələrdən daha çox qarşılıqlı etimad və birbaşa dialoq mühüm rol oynayacaq.

Chosen
7
5
ikisahil.az

6Sources