Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi gündəmə gəlib.
Azpost.info nun məlumatına görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Sazişə əsasən, tərəflər minimum əməkhaqqının mərhələli artırılması, onun orta aylıq əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, həmçinin minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin təsdiqlənməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq əmək rejimi hazırda əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, bu sistem əməkhaqqının işlənilən saata uyğun hesablanmasını və əməkdaşın gördüyü işə uyğun ödəniş almasını nəzərdə tutur.