EN

Dövlət qulluqçularının, hərbçilərin pensiya əlavələrinə yenidən baxılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.

Azpost.info bildirir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.

Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.

Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.

Qulluq stajına görə əmək pensiyası necə hesablanır?

Azpost.info bildirir ki, Azərbaycanda qulluq stajına görə əmək pensiyası xüsusi xidmət kateqoriyalarına (dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və s.) mənsub şəxslərə, qanunvericiliklə müəyyən edilmiş staj həddinə çatdıqda ümumi pensiya məbləğinə edilən xüsusi əlavələrlə tənzimlənir.

Qulluq stajına görə əmək pensiyası (əsasən dövlət qulluqçuları və xüsusi rütbəli şəxslər üçün) qulluq müddəti və müvafiq vəzifə üzrə orta aylıq əməkhaqqı (dövlət məvacibi) əsas hesablanaraq, ümumi pensiyanın üzərinə əlavə faiz şəklində əlavə edilir.
Chosen
37
azpost.info

1Sources