Ermənistanın İcevan şəhərində fəaliyyət göstərən “İJ Grand Textile” şirkətinin hindistanlı işçiləri mayın 7-dən etibarən etiraz aksiyalarına başlayıblar.
Bizim.Media xəbər verir ki, İşçilər sosial şəbəkələrdə yaydıqları videolarda bədənlərinin müxtəlif nahiyələrindəki xəsarət izlərini və cırılmış geyimlərini nümayiş etdiriblər.
Kadrlardan birində polis əməkdaşının müdaxiləsi zamanı etirazçı hindistanlı fəhlənin yerə yıxıldığı görünür.
Etiraz aksiyası bir nəfərin saxlanılması ilə nəticələnib. Hindistanlı fəhlə vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq maddəsi ilə saxlanılıb. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
Məlumata görə, hindistanlı işçilərin narazılığı yeni deyil. Onlar 2025-ci ildə də maaşların artırılması tələbi ilə etiraz etmişdilər.
Yerli mənbələrin bildirdiyinə görə, yaxın vaxtlarda Rusiya kapitallı müəssisənin rəhbərliyi dəyişib. Əvvəllər istehsalat müəssisəsinə Timur adlı rusiyalı direktor və İcevan sakini Mher Mirzoyan rəhbərlik edirdi. Onların hindistanlı işçilərlə daha loyal münasibət saxladıqları və əmək-məişət məsələlərində güzəştlərə getdikləri qeyd olunur.
Hazırda müəssisəyə Krımdan olan Delaver adlı rəhbərin nəzarət etdiyi bildirilir. Yeni rəhbərlik işçilər arasında əmək intizamının gücləndirilməsinə çalışır. Yeddi ildir fəaliyyət göstərən tikiş müəssisəsində son üç il yarımdır 170-ə yaxın hindistanlı işçi çalışır.
Hindistanlı fəhlələr kollektiv şəkildə hərəkət edir və bütün işçilər üçün eyni maaşın tətbiqini tələb edirlər. Müəssisə rəhbərliyi isə onların da yerli işçilər kimi istehsal etdikləri məhsulun həcminə uyğun maaş almalarının daha məqsədəuyğun olacağını düşünür.
Bizim.Media