Xocalı rayonunda Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda dönən ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Budaqov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzə Binə kəndində yeni bərpa olunmuş evinə köçür.
Uzun illər doğma torpaqlarından ayrı düşən Budaqovlar ailəsi bu günü böyük sevinc və qürur hissi ilə qarşılayıb. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə böyük duyğular yaradıb.
Anar Budaqov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. O qeyd edib ki, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşaması onlar üçün ən böyük sevincdir.
Bu gün Xocalıda yaşanan mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və Böyük Qayıdış proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir. İşğaldan azad olunan torpaqlarda həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma yurdlarda yenidən eşidilir.
Xocalının Təzə Binə kəndində məskunlaşan Budaqovlar ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur. Bu qayıdış həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.