EN

AAYDA-nın təhlükəsizliyə təhlükəli laqeydliyi: Lahıc yolu necə təmizləndi - VİDEO

AAYDA-nın təhlükəsizliyə təhlükəli laqeydliyi: Lahıc yolu necə təmizləndi - VİDEO

Xəbər verdiyimiz kimi, İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti bir müddət məhdudlaşıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı son məlumata görə, Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənərək hərəkət artıq bərpa olunub.

AFN.az xəbər verir ki, ilk baxışdan hər şey rəsmi xəbərlərinin adət etdiyimiz dinamikasına uyğundur: təbii hadisə, operativ reaksiya və qısa müddətdə bərpa olunan hərəkət. Lakin hadisə yerinə aid videolar bu operativliyin arxasında gizlənən çox ciddi bir nöqsanı – insan həyatına qarşı açıq laqeydliyi ortaya qoyur.

Sözügedən ərazidə təmizləmə işləri aparan AAYDA-nın canlı qüvvəsi, yəni fəhlələr və texniki heyət birbaşa uçqun riski daşıyan dik yamacın altında tamamilə mühafizəsiz şəkildə işlədilirlər. İşçilərin başında dəbilqə (kaska), hündürlükdə və sürüşgən yamacda işləmək üçün isə təhlükəsizlik kəmərləri yoxdur. Dağlıq və süxurların hər an hərəkətə gələ biləcəyi bir zonada fərdi mühafizə vasitələri olmadan işləmək intihara bərabərdir.

Bu mənzərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, işçilərin texniki təhlükəsizlik qaydalarına uyğun geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin onlardan istifadə olunmasına nəzarət birbaxa işəgötürənin vəzifəsidir. Qanunvericilik bu öhdəliyi qəti şəkildə müəyyən edir və heç bir "təcililik" bəhanəsi işçini riskə atmağa əsas vermir.

Eyni zamanda, tikintidə və yol işlərində texniki təhlükəsizlik üzrə müvafiq qaydaların tələblərinə görə, daşdüşmə və uçqun ehtimalı olan zonalar xüsusi riskli ərazilər sayılır və burada kaskasız fəaliyyət qətiyyən qadağandır. Çünki yuxarıdan qopa biləcek kiçik bir çınqıl parçası belə mühafizə olunmayan baş nahiyəsinə dəydikdə ölümcül travmaya yol aça bilər.

Bu laqeydlik sadəcə inzibati qayda pozuntusu deyil, həm də ağır hüquqi məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə (Əməyin mühafizəsi qaydalarını pozma) əsasən, texniki təhlükəsizlik qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına və ya insan ölümünə səbəb olduqda, buna nəzarət etməli olan vəzifəli şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar və onları azadlıqdan məhrumetmə cəzası gözləyir.

Lahıc yolunda bu dəfə faciənin yaşanmaması AAYDA-nın işini düzgün qurmasının deyil, sadəcə işçilərin şansının gətirməsinin nəticəsidir. Dövlət Agentliyi yolun açılması ilə bağlı hesabat verməyə tələsdiyi qədər, öz işçilərinin təhlükəsizliyinə də eyni həssaslıqla yanaşmalıdır. Ümid edirik ki, aidiyyatı dövlət qurumları, xüsusilə Dövlət Əmək Müfəttişliyi Xidməti rəsmi hesabatların arxasındakı bu təhlükəli mənzərəni diqqətdən qaçırmamalı və qanun pozuntusuna yol verən məsul şəxslər barəsində dərhal tədbir görəcək. Çünki bərpa olunan heç bir yol, itirilən bir insan həyatını geri qaytara bilməz.

Chosen
37
afn.az

1Sources