
Meksikanın Sinaloa ştatının keçmiş ictimai təhlükəsizlik naziri Arizona ştatında həbs olunduqdan bir neçə gün sonra ABŞ-da məhkəmə qarşısına çıxarılıb.
AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, o və digər məmurlar Sinaloa kartelinə ABŞ-a böyük miqdarda narkotik vasitə keçirməyə kömək etmək üçün rüşvət almaqda ittiham olunurlar. 66 yaşlı Xerardo Merida Sançes Manhetten federal məhkəməsində ilk dindirilməsi zamanı təqsirli olub-olmaması barədə bəyanat verməyib. O, hazırda həbsdə saxlanılır və növbəti məhkəmə prosesi iyunun 1-nə təyin edilib.
Sançes keçən ay ABŞ-da ittiham irəli sürülən 10 hazırkı və ya keçmiş Sinaloa hökuməti və hüquq-mühafizə orqanları əməkdaşları arasında məhkəməyə çıxarılan ilk şəxsdir. O, narkotik vasitələrin idxalı üçün sui-qəsddə, həmçinin avtomat silahlar və partlayıcı qurğular saxlamaqda ittiham olunur və təqsiri sübuta yetirilərsə, onu 40 ildən ömürlük həbs cəzasına qədər cəza gözləyir.
Digər ittiham olunanlar arasında Sinaloa ştatının qubernatoru Ruben Roça Moya və ştatın paytaxtı Kulyakan şəhərinin meri Xuan de Dios Qames Mendivil də var ki, onlar da ittihamlarla bağlı məsələləri həll etmək üçün müvəqqəti məzuniyyətə götürdüklərini bəyan ediblər, lakin hələlik saxlanılmayıblar. Meksika Təhlükəsizlik Kabinetinin məlumatına görə, Merida Sançes ABŞ-a Sonora ştatından daxil olub və Arizona sərhədində ABŞ Marşalları Xidməti tərəfindən nəzarətə götürülüb.