Ankara Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəqlinə dair Qazaxıstan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı mühüm hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri türk dövlətləri arasında enerji əməkdaşlığının bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edərək xatırladıb ki, Qazaxıstana hazırkı səfər çərçivəsində “Turkish Petroleum” şirkəti qazaxıstanlı tərəfdaşlarla neft-qaz yataqlarının işlənməsi ilə bağlı razılığa gəlib.
Prezident Ərdoğan xatırladıb ki, TDT Zirvə görüşü bu il Türkiyədə keçiriləcək.
Onun sözlərinə görə, bu gün bütün sahələrdə, xüsusilə diplomatiya, energetika, ticarət, nəqliyyat, təhlükəsizlik və müdafiə istiqamətlərində daha böyük irəliləyişə nail olunması çox vacibdir. “Əcdadlarımız Türk dünyasının gücünü ədaləti təmin etməklə möhkəmləndirdikləri kimi, biz də güclü və suveren dövlətlər olaraq qarşıya qoyulan məqsədlərə nail ola bilərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan iyulda Ankarada keçiriləcək NATO sammiti ilə bağlı da danışıb. “Bugünkü dünya əvvəlki dünya nizamının davamı deyil. Yeni münasibətlər sistemi formalaşır və NATO-nun bu yeni dünyadakı mövqeyi tamamilə fərqlidir. Təhdidlər daha mürəkkəb xarakter daşıyır, qlobal hüquq sistemi zəifləyib. Bir sözlə, dünya ciddi şəkildə dəyişir. NATO daxilində yükün ədalətli bölüşdürülməsi və təhlükəsizliklə bağlı ortaq baxış alyansın gələcəyi üçün həlledici əhəmiyyət daşıyır”, - deyə Türkiyə lideri bildirib.
Regiondakı gərginliyə münasibət bildirən Ərdoğan uzunmüddətli sabitliyin əhəmiyyətini vurğulayıb: “Bütün tərəflər qısamüddətli hesablamaları bir kənara qoymalıdır. Dövlətlər beynəlxalq korporasiyaların və ya xarici qüvvələrin təsiri ilə deyil, öz vətəndaşlarının hüquq və maraqlarını rəhbər tutaraq hərəkət etməlidirlər”.