EN

"Maonun "dəmir onilliyi": Çində "mədəni inqilab"ın qanlı izləri" - BBC

"Mao Tszedunun "Kiçik qırmızı kitabı" tarixdə ən çox yayılan kitablardan birinə çevrilmişdi..."
 
Bu həftə Çində ölkənin müasir tarixinin ən faciəli dövrlərindən biri sayılan "mədəni inqilab"ın başlanmasının 60 ili tamam olur.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, 1966-cı il mayın 16-da Mao Tszedun ölkəni "kapitalist təsirlərdən" və "köhnə düşüncə tərzindən" təmizləmək kampaniyasına start verdi. "Qərargahlara atəş açın" şüarı altında başlayan bu proses təkcə ideoloji deyil, həm də siyasi rəqiblərin aradan qaldırılması məqsədi daşıyırdı. Qeyd olunur ki, həmin dövrdə Çində milyonlarla insan təqibə məruz qalıb, yüz minlərlə insan həyatını itirib. Ölkə demək olar ki, on il davam edən xaos, zorakılıq və repressiyalar dövrünə sürüklənib.
 
"Kiçik qırmızı kitab" və Mao kultu
 
"Mədəni inqilab" illərində demək olar ki, hər bir çinli yanında Mao Tszedunun məşhur "Kiçik qırmızı kitab"ını daşımalı idi. "Sədr Maonun sitatları" adlanan bu kitab kommunist ideologiyasının əsas təbliğ vasitəsinə çevrilmişdi.
Kitabda Kommunist Partiyası, sinfi mübarizə, sosializm, gənclər, qadınlar və incəsənət barədə yüzlərlə sitat yer alırdı.
 
Müxtəlif hesablamalara görə, kitabın 5 milyarddan çox nüsxəsi çap olunmuşdu və o, tiraj baxımından yalnız "İncil"dən geri qalırdı. Həmin illərdə Mao şəxsiyyətinə pərəstiş görünməmiş səviyyəyə çatmışdı. Onun təsviri olan milyardlarla nişan hazırlanır, plakatlar məktəblərdə, evlərdə, fabriklərdə və dövlət idarələrində asılırdı. İnsanlar bu nişanları taxaraq "Böyük sükançı"ya sədaqətlərini nümayiş etdirirdilər.
 
Hunveybinlər və ölkəni bürüyən terror
 
"Mədəni inqilab"ın əsas qüvvəsinə çevrilən "Qırmızı qvardiya" dəstələri - hunveybinlər məktəblərdə və universitetlərdə yaradılmışdı. Özlərini Mao ideyalarının müdafiəçisi hesab edən bu gənclər müəllimləri, alimləri və "xalq düşməni" elan olunan şəxsləri açıq şəkildə alçaldır, döyür, sorğu-suala çəkir və evlərini dağıdırdılar.
 
Universitetlər və məktəblər yarımhərbi rejimlə işləyirdi. Gənclər hərbi geyimlərə bənzər formalar geyinir, mitinqlərə qatılır və kənd təsərrüfatı işlərinə göndərilirdilər. Ekslertlərin qiymətləndirməsinə görə, "mədəni inqilab" nəticəsində 500 mindən 2 milyona qədər insan həlak olub, milyonlarla insan isə doğma yerlərini tərk etməyə məcbur qalıb.
 
Məbədlər dağıdıldı, minillik irs məhv edildi
 
Hunveybinlər "dörd köhnəliyə" - köhnə düşüncəyə, köhnə mədəniyyətə, köhnə adətlərə və köhnə vərdişlərə qarşı kampaniya aparırdılar. Bu adın altında məbədlər, monastırlar, tarixi abidələr, nadir kitablar və qədim sənət əsərləri məhv edilirdi. 1966-cı ildə Şandun əyalətindəki Konfutsi kompleksinə edilən hücum xüsusilə simvolik sayılır. 
 
Hunveybinlər burada minlərlə tarixi abidəni dağıtmış, iki minə yaxın məzarı məhv etmiş, yüz minlərlə qədim kitabı və minlərlə tarixi əşyanı yandırmışdılar. "Mədəni inqilab" yalnız Mao Tszedun 1976-cı ildə öldükdən sonra sona çatdı. Lakin həmin dövrün ağır mirası bu gün də Çin cəmiyyətində ən həssas və mübahisəli mövzulardan biri olaraq qalır.
Chosen
77
1
moderator.az

2Sources