EN

Mixail Qusman: "Azərbaycanın azad edilmiş ərazilərdə apardığı bərpa modeli dünya üçün nümunəyə çevrilib"

İlk növbədə qeyd etmək istərdim ki, BMT sistemi çərçivəsində belə mühüm tədbirin-Ümumdünya Şəhərsalma Forumunun məhz Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın və Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun bariz göstəricisidir.

Musavat.com xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında beynəlxalq səviyyədə tanınmış jurnalist Mixail Qusman deyib: “Forumda Birləşmiş Millətlər Təşkilatına üzv olan demək olar ki, bütün ölkələrin nümayəndələrinin iştirak etməsi onu göstərir ki, burada müzakirə olunan məsələlər-şəhərlərin inkişafı, yaşayış məntəqələrinin yenidən qurulması, insanların daha rahat və keyfiyyətli həyat şəraitinin təmin olunması bu gün bütün dünya üçün aktual mövzulardır.

Eyni zamanda Azərbaycanın bu sahədə qazandığı təcrübə xüsusi maraq doğurur. Xüsusilə, uzun illər işğal altında qalmış şəhər və qəsəbələrin yenidən qurulması istiqamətində görülən işlər böyük əhəmiyyət daşıyır”.

M.Qusman qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb:

“Bu gün qarşıda duran əsas vəzifələrdən biri həmin ərazilərin yenidən qurulması, insanların öz doğma torpaqlarına qayıdaraq rahat və layiqli şəraitdə yaşamalarının təmin edilməsidir. Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırır. Prezident mütəmadi olaraq həmin bölgələrə səfər edir, aparılan işlərlə tanış olur və bərpa prosesinin daha sürətli və səmərəli həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verir. Düşünürəm ki, sabah Prezidentin çıxışında da məhz bu məsələlər əsas mövzulardan biri olacaq. Azərbaycanın əldə etdiyi bu təcrübə artıq təkcə region üçün deyil, bütün dünya üçün önəmli nümunəyə çevrilib”.

Nigar Həsənli
Musavat.com

Chosen
16
musavat.com

1Sources