EN

Tütün istifadəsi beynin qabıqlı qatının incəlməsinə səbəb olur

Tütün istifadəsi beynin qabıqlı qatının incəlməsinə səbəb olur

Mütəxəssislər tütün istifadəsinin təfəkkür, hafizə, diqqət, qərar qəbul etmə və davranışa nəzarət kimi koqnitiv funksiyaları idarə edən beyin qabığında (korteks) incəlməyə yol aça biləcəyini qeyd edərək, bu vəziyyətin unudqanlıq, diqqət pozuntusu və şəxsiyyət dəyişiklikləri kimi problemlərə səbəb ola biləcəyini bildirirlər.

AFN.az Anadolu Ajansına istinadən xəbər verir ki, Bilkənd Şəhər Xəstəxanasının nevrologiya mütəxəssisi dosent, doktor Görkem Tutal Gürsoy tütün istifadəsinin təkcə ağciyərlərə deyil, beyin sağlamlığına da mənfi təsir göstərdiyini vurğulayıb.

Siqaretin beyində yaratdığı fəsadlar barədə məlumat verən Gürsoy son elmi nəşrlərdə tütün istifadəsinin xüsusilə beyin qabığında incəlməyə səbəb olduğunun və beyin damarlarına təsir etdiyinin sübut olunduğunu deyib.

Gürsoy beyin qabığının təfəkkür, nitq, hafizə və qərar qəbul etmə kimi koqnitiv funksiyaları idarə edən ən mühüm beyin nahiyəsi olduğuna diqqət çəkərək qeyd edib ki, beyin qabığındakı incəlmə unudqanlıq, öyrənmə çətinliyi, diqqət dağınıqlığı və şəxsiyyət dəyişikliyinə yol açan pozuntulara səbəb olur, bəzi xəstələrdə isə depressiyaya bənzər əlamətlər üzə çıxa bilər.

Siqaret çəkmə müddətinin və miqdarının beyindəki korteks incəlməsinə birbaşa təsir etdiyini vurğulayan dosent Gürsoy siqaretin tərkibindəki toksinlərin xüsusilə beynin fəaliyyətini təmin edən neyronlara təsir göstərdiyini bildirib.

Neyronlardakı toksiki zədələnmənin hüceyrə ölümünə yol açdığını deyən mütəxəssis bu vəziyyətin Alzheimer kimi xəstəliklərin yaranmasına rəvac verə bildiyini, həmçinin beyin damar sağlamlığının pozulması nəticəsində insult kimi nevroloji xəstəliklərin inkişaf edə biləcəyini diqqətə çatdırıb.

Gürsoy elektron siqaret və qızdırılan tütün məhsullarının da tərkibində nikotin olduğu üçün beyin hüceyrələrinə zərər vurduğunu və beyində zədələnmələrə yol açdığını söyləyib.

Siqaretə gənc yaşlarda başlanılmasının riskləri artırdığına işarə edən həkim əlavə edib ki, siqaretdən istifadə müddəti uzandıqca beyindəki zədələnmə artır, istehlak miqdarı yüksəldikcə isə hüceyrə ölümü sürətlənir.

Bu vərdişə erkən yaşlarda başlamaq demensiya və insult riskini tezləşdirə biləcəyi kimi, diqqət və öyrənmə pozuntularına da gətirib çıxara bilər, uzunmüddətli siqaret istifadəsində isə davranış dəyişiklikləri müşahidə edilə bilər.

Siqareti tərgitdikdən sonra beynin özünü bərpa etmə prosesinin olduqca uzun çəkdiyini vurğulayan dosent qeyd edib ki, siqareti buraxan şəxslərdə beyin hüceyrələrinin yenidən bərpa oluna bilməsi üçün təxminən 25 illik bir müddətə ehtiyac yarana bilir.

Passiv siqaret çəkmə də beyin sağlamlığına təsir edir, xüsusilə tüstüdə mövcud olan kimyəvi maddələr və ağır metallar insanın beyin sağlamlığına mənfi təsir göstərən əsas faktorlardandır.

Görkem Tutal Gürsoy beyin sağlamlığının qorunması üçün tütün və tütün məhsullarından uzaq durmağın vacibliyini vurğulayaraq, xüsusilə uşaqların və gənclərin bu məhsullardan qorunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Chosen
13
afn.az

1Sources