EN

"Barıt çəlləyi" Avropada partlayacaq: Rusiya növbəti hədəf ölkəni göstərdi

Avropa ölkələri böyük sürətlə silahlanmağa çalışırlar, Kreml isə bunu Rusiya üçün birbaşa təhdid kimi qəbul edərək, dağıdıcı əks zərbə xəbərdarlığı edir... Ona görə də, hazırda xüsusilə də, Baltikyanı region, Qara dəniz hövzəsi və Şərqi Avropa müasir dünyanın ən təhlükəli geopolitik məkanları sırasında hesab olunur...

Avropa ölkələri böyük sürətlə silahlanır, yeni "soyuq savaş” dərinləşir. Qərb-Rusiya qarşıdurması artıq olduqca təhlükəli mərhələyə keçid etməyə başlayıb. Xüsusilə də, Ukrayna müharibəsinin uzanması və qlobal geopolitik balansın sürətlə dəyişməsi Avropa ölkələrini son onilliklərin ən ciddi təhlükəsizlik böhranı ilə üz-üzə qoyub.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Almaniya və Böyük Britaniya başda olmaqla, bəzi Avropa ölkələri Rusiyaya qarşı daha sərt mövqedən çıxış etməyə başlayıblar. Buna Rusiyanın aqressiv reaksiyaları isə onu göstərir ki, artıq qarşıdurma yalnız Ukrayna savaşı ilə məhdudlaşmır. Yəni, kollektiv Qərb ilə Rusiya arasında qarşıdurma tədricən uzunmüddətli strateji və sistem xarakterli mübarizəyə çevrilir. Və ona görə də, mövcud proseslər Avropanın sürətlə hərbiləşdiyi, yeni "soyuq savaş”ın isə daha təhlükəli mərhələyə daxil olduğu barədə fikirləri gücləndirir.

Məsələ ondadır ki, Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniyanın sürətlə silahlandığını və Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını bəyan edib. Bu isə o deməkdir ki, Kreml son baş verənlərdən narahatlığının artıq açıq şəkildə ifadə etməyə çalışır. Rusiya siyasi dairələri hesab edirlər ki, Ukrayna savaşı Qərb üçün yalnız başlanğıc mərhələdir. Və Avropa dövlətləri yaxın gələcək üçün daha genişmiqyaslı hərbi qarşıdurma ehtimalını nəzərə alaraq, strateji hazırlıq görürlər.

Əslində, Almaniyada baş verən proseslər bu iddiaların müəyyən qədər real ola biləcəyini göstərir. Belə ki, İkinci Dünya müharibəsindən sonra uzun onilliklər boyu hərbi aktivlikdən uzaq dayanmağa çalışan Almaniya son vaxtlar artıq bu siyasətini dəyişməyə başlayıb. Hər halda, rəsmi Berlin Almaniya ordusunun modernləşdirilməsi üçün rekord həcmdə maliyyə vəsaiti ayrılıb, yeni silah sistemləri alır və müdafiə sənayesini sürətlə genişləndirir. Və Almaniya cəmiyyətində də təhlükəsizlik maraqlarınin əvvəlki illərlə müqayisədə daha ön plana keçdiyi müşahidə olunur.

Təbii ki, Almaniyanın örnəyindəki bu hərbi-siyasi transformasiyanın əsas səbəblərindən biri məhz Rusiyanın Ukraynaya qarşı işğalçı savaş aparması ilə bağlıdır. Berlində və digər Avropa paytaxtlarında hesab edirlər ki, əgər, Ukrayna savaş poliqonunda Rusiyanın qarşısı alınmasa, yaxın gələcəkdə Baltikyanı regionda, Şərqi Avropada və hətta NATO məkanında belə, daha ciddi hərbi risklər yarana bilər. Xüsusilə də, Polşa və Baltikyanı ölkələr artıq açıq şəkildə Avropanın tammiqyaslı təhlükəsizlik böhranına hazırlaşmalı olduğunu bildirirlər.

Maraqlıdır ki, Böyük Britaniya kralı III Çarlzın bir müddət öncə ABŞ Konqresində etdiyi çıxış Avropa məkanında siyasi çağırışa yönəlik mesaj kimi qəbul olunur. Xüsusilə də, ingilis kralın iki dünya müharibəsini, “soyuq savaş” dövrünü və Əfqanıstan əməliyyatlarını xatırlatması qətiyyən təsadüfi hesab edilmir. Çünki bu çıxış faktiki olaraq, Ağ Ev və rəsmi London arasında hərbi-siyasi ittifaqın tarixi xarakter daşıdığını və yeni geopolitik qarşıdurma mərhələsində də davam edəcəyini göstərmək məqsədi daşıyırdı.

Eyni zamanda, Böyük Britaniya siyasi dairələrində Rusiyanın yaxın gələcəkdə Avropanın təhlükəsizlik sisteminə daha böyük təhdid yarada biləcəyi barədə fikirlər güclənməkdədir. Rəsmi London artıq müdafiə xərclərini artırır, NATO daxilində hərbi koordinasiyanı gücləndirir və Şərqi Avropa istiqamətində fəallığını genişləndirir. Və bu baxımdan, Böyük Britaniya hələ də Ukraynaya ən prinsipial dəstək verən ölkələrdən biri olaraq qalır.

Maraqlıdır ki, Kremlin sözçüsü Dmitri Peskovun “Avropa ölkələri artıq Ukraynanın tərəfində müharibənin birbaşa iştirakçısına çevrilib” məzmunlu açıqlaması Qərbdə geniş müzakirələrə səbəb olub. Bəzi qənaətlərə görə, bu açıqlama Rusiyanın Qərbə münasibətdə mövqeyini daha da sərtləşdirdiyini göstərir. Belə ki, Rusiya uzun müddət əsas rəqib kimi məhz ABŞ-ni ön plana çıxarsa da, hazırda Kremlin strateji yanaşmasında Avropa ölkələri də birbaşa qarşı tərəf kimi təqdim olunur.

Məsələ ondadır ki, Kremlin narahatlığını artıran əsas məqamlardan biri də Avropa ölkələrinin Ukraynaya hərbi yardımları hələ də davam etdirməsidir. Xüsusilə də, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin açıqladığı 6 milyard avroluq yeni yardım paketi Kremldə ciddi təşviş yaradıb. Çünki bu yeni yardım paketi əsasən dron texnologiyalarının alınmasına yönəldiləcək. Bu isə müasir müharibələrin xarakterinin dəyişdiyini göstərir. Yəni, Ukrayna savaşı artıq daha çox yüksək texnologiyaların, pilotsuz sistemlərin və süni intellekt əsaslı hərbi imkanların sınaq meydanına çevrilməyə başlayıb.

Artıq inkaredilməz reallıqdır ki, müasir savaş konsepsiyasında dronların və pilotsuz sistemlərin rolu sürətlə artır. Ukrayna savaşında hər iki tərəf məhz bu yeni texnologiyalardan geniş şəkildə istifadə edir. Bu isə Qərb hərbi dairələrinə gələcək müharibələrin necə aparılacağı barədə daha real təcrübə qazandırır. Və Avropa dövlətləri də məhz bu səbəbdən öz müdafiə sənayelərini elə yeni texnologiyalar əsasında rekonstruksiya etməyə çalışırlar.

Digər tərəfdən, Almaniya kansleri Fridrix Mertsin “Avropa özü müəyyən edəcək ki, sülh danışıqlarında vasitəçi kim olacaq” bəyanatı da hazırda olduqca önəmli geopolitik mesaj hesab olunur. Bu açıqlama həm də onu göstərir ki, Avropa Birliyi Ukrayna savaşı ilə bağlı məsələdə artıq yalnız ABŞ-ın qərarlarından asılı olmaq istəmir və daha müstəqil geopolitik kurs formalaşdırmağa çalışır.

Təbii ki, bütün bunların arxasında isə Ağ Evin mövqeyi ilə bağlı bağlı qeyri-müəyyən vəziyyət dayanır. Avropanın siyasi elitası ABŞ prezidenti Donald Trampın Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində Rusiyanın maraqlarına uyğun kompromislərə meylli mövqe tutmasından ciddi şəkildə narahatdır. Və məhz bu səbəbdən də Avropa Birliyi öz yeni təhlükəsizlik sistemini daha müstəqil əsaslar üzərində qurmağa çalışır.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “vahid mövqe formalaşmadan Rusiya ilə dialoq olmayacaq” açıqlaması ilə diqqəti çəkib. Bu isə Avropa Birliyinin öz daxili koordinasiya mexanizmini qorumaq niyyətini göstərir. Brüsseldə hesab edirlər ki, Kreml Avropa ölkələri arasındakı fikir ayrılıqlarından maksimum səviyyədə istifadə etməyə çalışır. Və ona görə də Avropa ölkələri arasında vahid mövqenin qorunub, saxlanılması artıq strateji əhəmiyyət daşıyır.

Əslində, Kaya Kallasın Rusiya prezidenti Vladimir Putinin keçmiş Almaniya kansleri Gerhard Şröderi mümkün vasitəçi kimi təklif etməsinə verdiyi sərt reaksiya da bunu təsdiqləyir. Belə ki, Gerhard Şröderin uzun illər Rusiya enerji şirkətləri ilə əməkdaşlıq etməsi Avropa Birliyinin siyasi dairələrində ona qarşı ciddi etimadsızlıq yaradıb. Və Brüsseldə artıq Kremlin Avropa Birliyi daxilindəki ənənəvi siyasi əlaqələrinə əvvəlki kimi qətiyyən pozitiv faktor olaraq, yanaşmırlar.

Belə anlaşılır ki, mövcud geopolitik proseslər onu göstərir ki, müasir dünya yeni və uzunmüddətli qarşıdurma dövrünə daxil olur. Bu qarşıdurma əvvəlki “soyuq savaş”dan fərqli olaraq, yalnız hərbi-siyasi və ideoloji xarakter daşımır. Çünki indi qlobal qarşıdurma enerji, texnologiya, iqtisadiyyat, kibertəhlükəsizlik, süni intellekt və hərbi sənaye daxil olmaqla, bir çox istiqamətlərdə paralel şəkildə davam edir.

Üstəlik, ən təhlükəli məqam isə tərəflər arasında qarşılıqlı etimadın demək olar ki, tamamilə aradan qalxmasıdır. Kremldə hesab edirlər ki, Qərbin əsas məqsədi Rusiyanı tamamilə zəiflətmək və strateji cəhətdən mühasirəyə almaqdır. Qərbdə isə bunun əksinə olaraq, Kremlin yaxın gələcəkdə indikindən belə, daha aqressiv geopolitik qarşıdurmaya yönələ biləcəyindən ehtiyat edirlər.

Təbii ki, belə bir situasiyada isə lokal hərbi insidentlərin qısa müddətdə daha böyük regional və ya qlobal qarşıdurmaya çevrilmə ehtimalı ciddi şəkildə artmış olur. Xüsusilə də, Baltikyanı region, Qara dəniz hövzəsi və Şərqi Avropa hazırda dünyanın ən riskli geopolitik məkanları sırasında hesab olunur. Və bu baxımdan, yaxın gələcəkdə indi davam edən hərbi münaqişələrin daha genişmiqyaslı savaş modelinə keçid edə biləcəyi artıq qətiyyən istisna deyil.

Bütün bunlar onu göstərir ki, XXI əsrin yeni qlobal təhlükəsizlik sistemi artıq tədricən formalaşmağa başlayıb. Belə ki, Avropa ölkələri böyük sürətlə silahlanmağa çalışırlar. Kreml isə bunu Rusiya üçün birbaşa təhdid kimi qəbul edərək, Avropa ölkələrinə dağıdıcı əks zərbə xəbərdarlığı edir. Və ona görə də, əgər, yaxın vaxtlarda qarşıduran tərəflər arasında siyasi-diplomatik balans mexanizmi yaradılmasa, onda müasir dünya daha təhlükəli, hətta idarəolunmaz geopolitik mərhələyə daxil ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Chosen
62
musavat.com

1Sources