Mənzil siyasəti yalnız ev tikmək deyil, ölkənin gələcəyinə investisiyadır.
APA xəbər verir ki, bunu Uruqvayın Mənzil və Ərazi Planlaması naziri Tamara Paseyro WUF13 çərçivəsində keçirilən “Ətraf mühit cəhətindən davamlı və dözümlü məskunlaşma” adlı panel müzakirəsində deyib.
Uruqvay nümayəndəsi mənzil siyasətinin yalnız yaşayış problemi deyil, sosial və iqtisadi inkişafın əsas istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, mənzil siyasəti səhiyyə, təhsil, təhlükəsizlik və sosial rifah kimi sahələrin effektivliyinə birbaşa təsir göstərir.
Nazir vurğulayıb ki, uyğun və sabit yaşayış şəraiti olmadan digər sosial siyasətlərin uğurlu icrası mümkün deyil. “İnsanların iqtisadi və təhsil imkanlarına çıxışı onların necə və harada yaşamasından asılıdır”, – deyə o bildirib.
Bundan başqa, Uruqvayın mənzil siyasəti sahəsində əldə etdiyi əsas təcrübələrdən də danışılıb. Bildirilib ki, uşaqlı ailələrin prioritetləşdirilməsi uzunmüddətli dövrdə ən effektiv yanaşmalardan biridir. Statistikaya görə, Uruqvayda uşaqların üçdə biri multidimensional yoxsulluq şəraitində yaşayır və ciddi mənzil problemləri ilə üzləşir.
Rəsmi qeyd edib ki, mənzilin yerləşməsi onun özü qədər vacibdir. İş yerlərindən, təhsil müəssisələrindən və nəqliyyat şəbəkələrindən uzaqda yerləşən yaşayış məntəqələrinin aztəminatlı ailələr üçün əlavə maliyyə və zaman yükü yaratdığı vurğulanıb.
Forumda qeyri-rəsmi yaşayış məhəllələrinin inkişafı məsələsinə də toxunulub. Uruqvay nümayəndəsi bildirib ki, bu məhəllələr yalnız mənzil çatışmazlığının deyil, həm də yerli iqtisadi fəaliyyətin bir hissəsidir. Dövlətin məqsədi həmin əraziləri dağıtmaq deyil, onları şəhər planlaşdırmasına və iqtisadi sistemə inteqrasiya etməkdir.
Nazir sonda vurğulayıb ki, uğurlu mənzil siyasəti dövlət və özəl sektorun əməkdaşlığı, eləcə də yerli icmaların fəal iştirakı ilə mümkün ola bilər.