Slovakiya Azərbaycanla iqlim çağırışlarının birgə aradan qaldırılması üçün səyləri birləşdirmək təşəbbüsü ilə çıxış edib.
"Far.Az"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) kuluarlarında bəyan edib.
Onun sözlərinə görə, ölkələr arasında möhkəm və səmərəli münasibətlər qurulub.
"Beynəlxalq əməkdaşlıq yalnız iqlim dəyişikliyi kimi mövzulara toxunduğumuz zaman inkişaf edə bilər. Hər bir dövlətə uyğun olacaq universal resept mövcud deyil. Bu çağırışları yalnız birlikdə aradan qaldıra bilərik.
Bu gün şəhərsalma sektoru ciddi təzyiq altındadır: Avropa İttifaqının yenilənmiş normativ aktları tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirir. Lakin Slovakiya praqmatik yanaşmanın tərəfdarıdır və biz açıq şəkildə etiraf edirik ki, qərarların heç də hamısı əsaslandırılmır, çünki çox vaxt dünya praktikasında müəyyən iqlim strategiyaları yalnız əhalinin yoxsullaşmasına gətirib çıxarır. Məhz buna görə düzgün balansın təmin edilməsi son dərəcə vacibdir və biz bu forumda hansı tədbirlərin həqiqətən effektiv olub-olmadığını müzakirə etmək imkanını alqışlayırıq. Bu, nəticəyə və həllərin tapılmasına yönəlmiş yanaşmadır", - Baş nazirin müavini vurğulayıb.