EN

Komitə sədri: Ölkəmiz qısa müddətdə böyük bərpa işləri həyata keçirib



İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın qısa müddətdə mürəkkəb problemlərin öhdəsindən gəlmək imkanlarını nümayiş etdirib.

aia.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Çıxış zamanı bildirilib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bir sıra çətinlikləri uğurla geridə qoyub:

“Qısa müddət ərzində Azərbaycan bir sıra mürəkkəb problemlərin öhdəsindən gəlməyi bacardı. Mina təmizlənməsi və təhlükəsizliklə bağlı ciddi çətinliklərə baxmayaraq, mühüm nəticələr əldə olunub”.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə geniş planlaşdırma işləri aparılıb:

“12 şəhər və yüzlərlə kənd üzrə kompleks planlaşdırma həyata keçirilib. Bu, həqiqətən də çox böyük və mürəkkəb işdir. Burada məqsəd yalnız tikinti aparmaq deyil, həmin ərazilərdə yeni həyat keyfiyyəti yaratmaqdır”.

Çıxışda vurğulanıb ki, bölgədə yeni idarəetmə və inkişaf modeli tətbiq olunur:

“Azad olunmuş ərazilərdə unikal idarəetmə və inkişaf yanaşması formalaşdırılıb. İslahatlar həyata keçirilir və bu siyasət ölkə rəhbərliyinin müəyyən etdiyi strateji xəttə uyğun davam etdirilir”.

Bildirilib ki, artıq bölgəyə qayıdan insanların sayı artmaqdadır:

“Hazırda 90 minə yaxın insan həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır. Məktəblər və digər təhsil müəssisələri fəaliyyət göstərir”.

Azərbaycanın təcrübəsi beynəlxalq maraq doğurur:

“Suriyadan, Ukraynadan və digər münaqişə yaşamış bölgələrdən bu təcrübəyə maraq göstərilir. Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”.

aia.az



Chosen
12
1
aia.az

2Sources