EN

Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır EKSPERT FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol və nəqliyyat layihələri regionun logistika imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit marşrutlarındakı rolunu da gücləndirir. Xüsusilə son illərdə inşa olunan tunellər, körpülər və magistral yollar Cənubi Qafqazda yeni nəqliyyat bağlantılarının formalaşmasına şərait yaradır.

Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, 11,7 km uzunluğunda Murovdağ tuneli, həmçinin Araz çayı üzərində inşa edilən Kəlalə–Ağbənd körpüsü yalnız daxili nəqliyyat əlaqələri baxımından deyil, eyni zamanda Fars körfəzi ilə Qara dəniz limanlarını birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin mühüm elementləri kimi strateji əhəmiyyət daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə formalaşdırılan yeni yol infrastrukturu regionda həm iqtisadi inteqrasiyanı, həm də tranzit potensialını gücləndirir. Bu layihələr sırasında Xudafərin–Qubadlı–Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı), Kəlbəcər–Laçın avtomobil yolu (75,6 km, 2–4 hərəkət zolaqlı), eləcə də Toğana–Kəlbəcər–İstisu avtomobil yolu (81,8 km, 2–4 hərəkət zolaqlı) xüsusi yer tutur.

Ekspert vurğulayıb ki, son 5 ildə həyata keçirilən layihələr çərçivəsində genişmiqyaslı mühəndis infrastrukturu yaradılıb. Belə ki, ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9581,6 metr təşkil edən 447 körpü, həmçinin 3871 metr uzunluğunda 16 viaduk inşa edilib. Bu göstəricilər regionun mürəkkəb relyefi nəzərə alındıqda olduqca mühüm mühəndis nailiyyəti hesab oluna bilər.

Regionda paralel şəkildə alternativ nəqliyyat marşrutlarının inkişafı da müşahidə olunur. Belə ki, Ermənistanda 2009-cu ildən tikintisi davam edən 556 km-lik Şimal–Cənub avtomobil magistralının bu il daha 84 km-lik hissəsi istifadəyə verilib.

Rauf Ağamirzəyev hesab edir ki, Cənubi Qafqazda yeni və daha qısa nəqliyyat marşrutlarının formalaşması sağlam rəqabət mühiti yaradır, alternativləri artırır və regionda daha dayanıqlı logistika şəbəkəsinin qurulmasına töhfə verir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
avtosfer.az

1Sources