EN

Özbəkistan “Yeni Daşkənd” layihəsində 15 dəqiqəlik şəhər konsepsiyasını tətbiq edir – Artyom Kreskas

"Yeni Daşkənd" layihəsi Özbəkistanın ən iri və uzunmüddətli şəhərsalma təşəbbüslərindən biridir.

Day.Az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Mənzil Bazarı Urbanizasiya Prosesinin İnkişafı üzrə Milli Komitəsinin idarə rəisi Artyom Kreskas BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə Özbəkistan Prezidentinin təşəbbüsü əsasında həyata keçirilir və artıq ilk mərhələnin icrasına başlanılıb.

"Layihə çərçivəsində təhsil, biznes, yaşayış və ictimai zonaların yaradılması, həmçinin bütün kommunikasiya və infrastrukturun inkişafı nəzərdə tutulur. Biz kompleks tikinti prinsiplərinə və 15 dəqiqəlik şəhər konsepsiyasına xüsusi diqqət yetiririk", - deyə o vurğulayıb.

Artyom Kreskas qeyd edib ki, layihələrin hazırlanması zamanı geospatial analitika və urbanizasiya təhlillərindən istifadə olunur.

"Məqsəd odur ki, bütün yaşayış zonaları sosial, mühəndis, nəqliyyat, tibbi və idman infrastrukturu, həmçinin kommersiya obyektləri ilə tam təmin olunsun. İnsanlar gündəlik ehtiyaclarını piyada məsafəsində qarşılaya bilməlidirlər", - deyə o əlavə edib.

Komitə rəsmisinin sözlərinə görə, "Yeni Daşkənd"in ümumi ərazisi 20 min hektar təşkil edir və layihənin tam icrası 10-15 il davam edə bilər.

"Bu ərazi gələcəkdə Daşkənd şəhərinə birləşdiriləcək və paytaxtın müasir memarlıq və urbanizasiya mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda yaşıl zonaların, ictimai məkanların və parkların yaradılması prioritet istiqamətlərdən biridir", - deyə o bildirib.

Artyom Kreskas onu da qeyd edib ki, Özbəkistanda yaxın vaxtlarda ESKRO sistemi tətbiq olunacaq.

"Bu mexanizm yaşayış daşınmaz əmlakına vəsait yatıran vətəndaşların maliyyə təhlükəsizliyinin qorunmasına xidmət edəcək. Hazırda bu istiqamətdə fəal iş aparılır", - deyə o əlavə edib.

Chosen
14
day.az

1Sources