EN

Uşaqların tərbiyəsində ailə, yoxsa mühit birinci yerdə dayanır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bir insanın dünyaya gəlişində iki şəxs iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, həmin iki şəxsin faktorları var, o faktorlar bioloji amillərdir: "Doğulduqdan sonra psixoloji faktorlar ortaya çıxır. Psixoloji faktorlara valideynin uşağa göstərdiyi, verdiyi tərbiyə, həyat tərzi, çağalığından etibarən yetkin yaşa qədər ona ötürülən tərbiyə aiddir. Burada valideynlər böyük rol oynayırlar. Tam, natamam ailədə böyüyən uşaqlar var. Bu faktorların insanın böyüməsində böyük təsiri olur. Hər iki tərəf tamlığı ilə olanda uşaqlar sanki birtərəfli deyil, hərtərəfli, sağlam şəxsiyyət kimi böyüyürlər. Öz mənliklərini tanıdıqdan - 6 yaşından sonra məktəbə gedir, ətraf mühitin təsiri ilə daha çox inkişaf etməyə başlayırlar. Düzgün təməli qoyulan tərbiyənin nəticəsində sağlam xarakter formalaşıbsa, ətrafdan qazandığı da sağlam düşüncə, sağlam davranış olacaq. Əgər təməli düzgün qoyulmayıbsa və uşaq özü də genetik olaraq kiməsə daha çox bənzəyirsə, dəyişmək istəmirsə, ona belə rahat olur. Komfort zonasını tərk etmək istəmirsə, uşaq, təbii ki, davranış pozuntusu ilə yaşayan biri olaraq böyüyür".

Psixoloq bildirib ki, bir insan dünyaya gəldikdən, valideynlərdən ayrıldıqdan sonra özünün şəxsi inkişafı ilə məşğul olmalıdır: "Fərqindəlik deyilən proses var ki, onu nəzərə almalıdır. İlk olaraq valideynlər, sonra da mühit bir şəxsin inkişafında böyük rol oynayır. Uşaqlıqdan düzgün qoyulan tərbiyə insanın inkişafı üçün mühüm amil hesab olunur. Uşaq mühiti də aldığı tərbiyəyə görə seçir, ona uyğun həyatını davam etdirir. Bəzən insan natamam ailədə böyüyür, amma çox sağlam şəxsiyyətə çevrilir. Bu da onun güclü xarakterinin sayəsində baş verir. İnsanın iddia səviyyəsi yüksək olduqda daha yaxşısına, yüksəyinə, faydalısına sahib olmaq istəyir. Bu da istisna hall sayılır. Bu günün insanı valideynlərinin təsiri altına düşmək istəmir. Problemli ailədirsə, oradan özünü çıxarmağa, yeni həyat qurmağa çalışır. Buna müvəffəq də olur".

Müəllif: Söylü Ağazadə
Chosen
272
50
sia.az

10Sources