EN

Bakı... bir az yorğun, bir az küskün

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Bu gecə ilan vuran yatdı, mən yox.” Yəqin ki, bu ifadəni hamı eşidib, bilir və hər kəs ən azı bir dəfə işlədib.

Bax elə mən də məhz bu gecə “ilan vuranı” yuxuya versəm də, gözümü yuma bilmədim. Ağına da, qarasına da "lənət" dediyimiz həmin o ilana rəqibim isə əlahəzrət Söz oldu. O söz ki, “desəm öldürərlər, deməsəm ölləm”.

Deyəsən, giriş çox uzun çıxdı. Amma sözümün canı var.

Söhbət bizim paytaxtımızdan – Bakından gedir. O Bakıdan ki, hər gələnin dərdini də, əsəbini də, narazılığını da öz üzərinə götürür.

Kiminsə yadına kəndinin səması düşür, şəhəri günahlandırır. Kiminsə rastlaşdığı mənəvi problemlər, dəyişən həyat tərzi, pozulan münasibətlər də dönüb dolaşıb Bakının adına yazılır. Halbuki bir şəhər bütün bunların səbəbi ola bilərmi?

“Bakıda göy üzü yoxdur” deyənlər də olur. Mən də deyirəm, var. Özü də elə qəşəng! Hərdən Xəzərin üzərinə düşərək bərq vuran, gün işığını əks elətdirən, hərdən xəzrinin qaçfı-tutdu oynayaraq, qovduğu, ya da gilavarın qıdıqladığı, ağı- bəmbəyaz pambıq kimi, bozu da bulanıq olan buludlarla örtülən səması var Bakının.

Sadəcə, bəzən insanlar doğulduqları yerlərin səmasını unutmaqdan qorxduqları üçün Bakıda göyə baxmaq istəmirlər.

Əslində isə insanın vəfalı olub-olmaması yaşadığı məkandan asılı deyil. Mənəviyyat kənd-şəhər bölgüsü tanımır.

Bu gün internet dünyanın ən ucqar nöqtəsində də, ən böyük şəhərində də eyni cür əlçatandır. Hər kəs informasiyalardan öz düşüncəsinə, öz tərbiyəsinə uyğun istifadə edir.

Cəmiyyətdə bizi narahat edən bəzi dəyişikliklərin də hamısını bir şəhərin üzərinə atmaq düzgün deyil. Dünyada baş verən proseslər bizə də təsir edir. Bu, artıq təkcə Bakının yox, qloballaşan dünyanın reallığıdır.

Bu yerli-yersiz tənqidəbənzər təhqirlərdən elə bil bezən şəhərin də üzü bərkiməyə başlayıb. Sözün həm əsl, həm də dolayı mənasında bərkiyir şəhər. 50-100 il əvvəlki “Küləklər Şəhəri” ilə indiki “Daş sərdabələr oylağı”nın fərqini görməmək üçün ən azından kor olmaq lazımdır. Bizim günahlarımızdan sıxılır Bakı.

Fizikaya orta məktəb səviyyəsində bələd olanlar bilir ki, maye (su) qapalı qabda donursa, həcmi genişlənir və qabını partladır. Başqa maye halında olan sərvətimiz neft isə əksinə qapalı qabda qızmağa başlayarsa, partlayış baş verər. Alimlərin sübuta yetirdiyi bu qanunu özümü ağıllı göstərmək üçün misal çəkmirəm. Bakının dərinliyində də, kökündə də, sağında, solunda da... neftlə suyun müharibəsi gedir. Biz soyuqla istnin lazımi tarazlığını yaratmasaq, ikibaşlı əjdaha olub, od püskürüb hamımızı yandıracaq. Ya da, el məsəlində deyildiyi kimi, “torpaq udacaq” hamımzı – bu “şəhər” dediyimiz yer çökəcək, girəcək torpağın altına. Əsrlər, bəlkə də eralar sonra təsadüfən - qazıntılar nəticəsində tapılan yeraltı şəhələr kimi o da aşjarlanacaq. Ya xələflərimiz, ya da bəlkə yadlar bizim viran qoyduğumuz bu Mərkəzi tapacaq.

Bir vaxtlar bölgələrdə insanlar Bakıya “mərkəz” deyirdi. Bura ümid yeri idi. İnsanlar ali təhsil almaq, həyat qurmaq və müxtəlif səbəblər üçün gəlirdi və şəhərə minnətdarlıq hissi ilə yanaşırdı. Çünki Bakı hər kəsə qucaq açırdı.

Bu gün də Bakı eyni şəhərdir. Sadəcə, çox yorulub.

Böyük şəhərlərin taleyinə bəlkə də zaman-zaman “günah keçisi” olmaq yazılıb. Halbuki hər yeri yaxşı və ya pis edən içində yaşayan insanlardır. Kəndlər özündə təbiəti əks elətdirir, şəhərlər isə cəmiyyəti. Hər ikisinin inkişafı, rifahı insan adlandırdığımız toplumun, izdihamın əlindədir. Bakı da indi bu izdihamın içində bir az tənhadır. Bir az yorğun, bir az küskün.

Bəlkə də artıq şəhəri günahlandırmaq yox, ona sahib çıxmaq vaxtıdır.

Pərvanə Eyvazqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
bizimyol.info

1Sources