EN

İran gizli yolla 200 bomba hazırlaya bilər? – ŞOK İDDİA

İranın nüvə proqramı ilə bağlı sensasion iddia ortaya atılıb.

Musavat.com xəbər verir ki, İraqın “Saut al-Iraq” nəşrində yayımlanan analitik məqalədə Tehranın uranın zənginləşdirilməsi deyil, plutonium xətti vasitəsilə yüzlərlə nüvə bombası hazırlamaq potensialına malik ola biləcəyi irəli sürülür.

Məqalədə qeyd olunur ki, beynəlxalq ictimaiyyət illərdir İranın Natanz və Fordodakı sentrifuqalarına diqqət ayırsa da, əsas təhlükə başqa istiqamətdə – Buşəhr Atom Elektrik Stansiyasının işlənmiş yanacağında gizlənə bilər.

Müəllifin fikrincə, bir çoxları Buşəhr reaktorunu sırf mülki enerji obyekti hesab edir, lakin işlənmiş nüvə yanacağında toplanan plutonium potensial olaraq hərbi məqsədlərlə də istifadə oluna bilər.

Analitik yazıda cəmiyyətdə “reaktor tullantıları” kimi qəbul olunan işlənmiş yanacağın əslində plutonium mənbəyi olduğu vurğulanır. ABŞ Energetika Nazirliyinin hələ 1990-cı illərdə gəldiyi nəticəyə görə, mülki reaktorlarda yaranan plutonium da nüvə silahı hazırlanmasında istifadə oluna bilər. Məqalədə bu məsələ “sakit, amma daha təhlükəli nüvə yolu” kimi təqdim olunur.

Məlumata görə, Buşəhr AES-in 15 illik fəaliyyəti ərzində təxminən 210 ton işlənmiş nüvə yanacağı toplandığı ehtimal olunur. Hesablamalara görə, həmin ehtiyatlarda 2000–2100 kiloqram plutonium ola bilər. Nəzəri baxımdan isə bir nüvə başlığı üçün orta hesabla 10 kiloqram plutonium kifayət edir. Məqalədə məhz bu hesablamaya əsaslanaraq İranın potensial olaraq 200-dən çox nüvə bombası hazırlaya biləcəyi iddia edilir.

Yazıda diqqət çəkən başqa detal plutonium proqramının aşkarlanmasının uran proqramından daha çətin olması ilə bağlıdır. Müəlliflər uranın zənginləşdirilməsinin minlərlə sentrifuqadan ibarət böyük obyektlər tələb etdiyi üçün peyklərlə asanlıqla izlənə biləcəyini qeyd edir. Plutoniumun ayrılması isə “isti kameralar” adlanan kiçik və yaxşı qorunan laboratoriyalarda aparıla bilər. Bu proses PUREX adlı kimyəvi texnologiyaya əsaslanır və nisbətən kiçik obyektlərdə həyata keçirildiyi üçün beynəlxalq nəzarətdən yayınmaq daha asandır.

Məqalədə 2026-cı ildə Buşəhr ətrafında yaranmış “kor zona” xüsusi vurğulanır. Bildirilir ki, İran MAQATE ilə əməkdaşlığın bir hissəsini dayandırdıqdan sonra səkkiz ay ərzində Buşəhrdə BMT yoxlamaları aparılmayıb, müşahidə kameraları sökülüb və əvvəllər işlənmiş yanacağın Rusiyaya daşınmasını nəzərdə tutan mexanizmlər faktiki olaraq fəaliyyətini dayandırıb. Nəticədə işlənmiş yanacağın əhəmiyyətli hissəsinin İran ərazisində qalması ehtimal edilir. Bununla belə, müəlliflərin fikrincə, plutonium bombası hazırlamaq texniki baxımdan son dərəcə mürəkkəb prosesdir. İranın hazırda rəsmi şəkildə işlənmiş yanacağın emalı üçün böyük sənaye müəssisəsinə malik olmadığı vurğulanır. Bundan əlavə, plutonium əsaslı bomba “implozion” texnologiyası tələb edir ki, bu da uran bombasından daha mürəkkəb hesab olunur. Məqalədə plutonium-240 izotopunun yaratdığı texniki problemlər də ayrıca qeyd edilir.

Bildirilir ki, Buşəhrdə toplanan işlənmiş yanacaq məsələsi artıq sadəcə texniki yox, böyük geosiyasi problemə çevrilib. Məqalə müəlliflərinə görə, dünya uzun illər diqqətini yalnız urana yönəldib və bu zaman İranın daha gizli “ikinci nüvə variantı” formalaşa bilərdi.

Musavat.com

Chosen
5
musavat.com

1Sources