Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) İran pavilyonunu ziyarət edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ölkə.Az-ın suallarını cavablandırıb.
Səfir açıqlamasında paytaxtımızda keçirilən WUF13-ün əhəmiyyətindən və gözləntilərdən söz açıb.
Həmin müsahibəni təqdim edirik:
- WUF 13-lə bağlı təəssüratlarınız və gözləntiləriniz nələrdir?
- WUF dünyada tanınmış şəhərsalma üzrə böyük forumlardan sayılır və Bakıda keçirilən forumda da müxtəlif ölkələrdən olan çoxsaylı nümayəndə heyətləri iştirak edir, o cümlədən İrandan da böyük nümayəndə heyəti gəlib. Onlar müxtəlif panellərdə iştirak edib. Məqsəd ölkələrin bir-birinin təcrübəsi ilə tanış olmasıdır.
Şəhərsalma üzrə gedən yeni texnologiya və bilgilərlə tanış olub bunun sayəsində insanların yaşayışı üçün daha yaxşı şərait yaratmaq mümkündür. Bu cəhətdən biz Bakı Şəhərsalma Forumununun çox əhəmiyyətli olduğunu düşünürük. Eyni zamanda belə düşünürük ki, İranın nümayəndə heyətinin iştirakı bizim ikitərəfli əlaqələrimizin genişləndirilməsinə də yeni şərait yarada bilər. Bu fürsətdən istifadə edib iki ölkə arasında olan şəhərsalma üzrə əməkdaşlıqları genişləndirməliyik.
- Cənab səfir, İranla Azərbaycan arasında şəhərsalma və infrastruktur baxımından yeni layihələr gözlənilirmi?
- Keçmişdən bizim ölkələrimiz arasında bu sahədə əməkdaşlıq var idi. Hökumətlərarası iqtisadi birgə komissiya vardı. Bizim şəhərsalma üzrə komitəmiz çərçivəsində əməkdaşlıq olurdu.
Fikirləşirəm ki, bu forumdan sonra biz bu məsələyə ciddi baxmalıyıq və yeni layihələr hazırlamalı və bu sahədə ciddi şəkildə əməkdaşlıq etməliyik.
- Sizcə, Cənubi Qafqazın gələcəyini formalaşdıracaq şəhərlər necə olmalıdır?
- Biz belə düşünürük ki, təhlükəsizlik və inkişaf bütün region üçün vacib məsələdir. Bu iki məsələ bir-birilə bağlıdır. Bu cəhətdən həm şəhərsalma, həm də infrastrukturların inkişafı təhlükəsizliyə gətirib çıxarır. Eyni zamanda təhlükəsizlik olan zaman da şəhərsalma və infrastruktur inkişafına daha çox diqqət verilir, investorlar cəlb olunur. Düşünürük ki, nə qədər bu sahəyə diqqət verilsə, təhlükəsizlik güclənir və onun sayəsində bütün regionda olan xalqlar daha rahat şəkildə və mehriban qonşuluq siyasəti sayəsində bütün ölkələr yaxşı şəraitdə yaşaya bilərlər.
BillurÉ™ Yunus