EN

“Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin növbəti sessiyası

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 may, AZƏRTAC

“Yüksəliş” müsabiqəsi qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin növbəti sessiyası baş tutub. Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, sessiya “Azərbaycan müstəqilliyində XX əsrin yeri və rolu” mövzusuna həsr olunub. Mövzu ətrafında tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edib. Görüş çərçivəsində XX əsrdə Azərbaycanın ictimai-siyasi inkişaf mərhələləri, müstəqillik ideyasının formalaşması, milli dövlətçilik ənənələrinin inkişafı və tarixi proseslərin ölkənin müasir inkişafındakı rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Professor Dilarə Seyidzadə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tarixi əhəmiyyətindən danışıb. Professor xüsusilə Ulu Öndərin uzaqgörən siyasi baxışlarını, gənclərə göstərdiyi diqqət və qayğını, eləcə də Azərbaycanın müstəqilliyinin qorunması naminə atdığı qətiyyətli addımları vurğulayıb.

Görüş zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsi, liderlik xüsusiyyətləri və milli dəyərlərin qorunmasına yanaşması ilə bağlı maraqlı fikirlər səsləndirib, mövzu ətrafında müzakirələr aparıblar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
azertag.az

1Sources