EN

“Adalar dənizi” adı müzakirələri yenidən alovlandırdı

Türkiyədə məktəblərin tədris proqramında aparılan yeni dəyişikliklər, xüsusilə “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması regionda geniş müzakirələrə səbəb olub. Bu addım Ankara–Afina xəttində uzun illərdir davam edən tarixi və siyasi mübahisələri yenidən gündəmə gətirib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Yunanıstan arasında Egey (Adalar) dənizi ətrafında mövcud olan gərginlik onilliklərdir davam edir və əsasən sərhədlər, adaların statusu və hava məkanı kimi məsələləri əhatə edir.


Politoloq qeyd edib ki, bu gərginliyin ən ciddi nümunələrindən biri 1996-cı ildə baş verən Kardak (İmia) böhranıdır. Həmin dövrdə iki ölkə demək olar ki, açıq hərbi qarşıdurma həddinə çatmış, yalnız beynəlxalq vasitəçilik nəticəsində vəziyyət nəzarət altına alınmışdı. Buna baxmayaraq, Egey dənizi ilə bağlı fikir ayrılıqları bu gün də davam edir.

Turan Rzayev bildirib ki, Türkiyə bəzi adaların silahlandırılması ilə bağlı narahatlıq ifadə edərkən, Yunanıstan bu addımları öz müdafiə hüququ çərçivəsində əsaslandırır. Onun sözlərinə görə, Şərqi Aralıq dənizində enerji resursları uğrunda rəqabət bu gərginliyi daha da artırıb.

Politoloq həmçinin vurğulayıb ki, “Adalar dənizi” ifadəsinin gündəmə gətirilməsi təkcə terminoloji dəyişiklik deyil, eyni zamanda tarixi və siyasi mövqenin ifadəsi kimi qiymətləndirilir. Onun sözlərinə görə, Türkiyə bu yanaşma ilə adaların hüquqi statusunun yenidən müzakirəyə çıxarılmasına diqqət çəkir.

Turan Rzayev əlavə edib ki, bölgədəki adaların hüquqi statusu ilə bağlı məsələlər 20-ci əsrin əvvəllərinə gedib çıxır. 1912-ci il Uşi müqaviləsi, daha sonra Lozan və 1947-ci il Paris Sülh Müqaviləsi bu məsələdə əsas hüquqi sənədlər kimi qəbul olunur.

Politoloq qeyd edib ki, bu gün Türkiyə ilə Yunanıstan arasında 100-dən çox mübahisəli ada və dəniz sahəsi mövcuddur. Xüsusilə Türkiyə sahillərinə yaxın yerləşən Meis adası ilə bağlı mübahisələr diqqət mərkəzindədir.

Onun sözlərinə görə, Ankara bu məsələdə beynəlxalq hüquq və ikitərəfli danışıqlar çərçivəsində mövqeyini müdafiə etməyə çalışır və hərbi eskalasiya deyil, diplomatik təzyiq və siyasi vasitələrə üstünlük verir.

Turan Rzayev sonda bildirib ki, Türkiyənin regional və qlobal geosiyasi proseslərdəki rolu nəzərə alındıqda, Qərb institutlarının Ankara ilə münasibətlərdə daha ehtiyatlı davranacağı gözlənilir. Onun fikrincə, Egey dənizi ilə bağlı müzakirələr yaxın illərdə də regionun əsas gündəm mövzularından biri olaraq qalacaq.

Chosen
27
news365.az

1Sources