EN

“Qanuni oğru”nun axtarışa verilməsinin səbəbi bilindi – Seçkiyə müdaxilə ittihamı

Ermənistanda kriminal aləmin simalarından biri parlament seçkilərinə təsir göstərmək cəhdində ittiham olunur.

Musavat.com
xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, “A.D.” baş hərfləri ilə təqdim olunan və kriminal iyerarxiyada “ən yüksək status” daşıdığı bildirilən şəxs barəsində cinayət işi başlanıb.

İstintaqın versiyasına əsasən, həmin şəxs təhdidlər və kobud ifadələrdən istifadə edərək kriminal qrup üzvü K.Q və digər şəxslərə hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməmək üçün təşviqat aparmağı tapşırıb.

Bildirilir ki, K.Q da eyni gün bu göstərişi digər şəxslərə ötürüb. Ermənistan hüquq-mühafizə orqanları A.D.-ni iki maddə ilə ittiham edir. Ona qarşı həm kriminal iyerarxiyada yüksək status daşımaq, həm də vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olmaq ittihamları irəli sürülüb.

K.Q isə kriminal subkulturanın daşıyıcısı hesab olunan qruplaşmada iştirakda təqsirləndirilir. Məhkəmənin qərarı ilə A.D. barəsində həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Son illərdə Ermənistanda kriminal aləmlə siyasi proseslər arasındakı əlaqələr tez-tez gündəmə gəlir. Xüsusilə seçki dövrlərində müxtəlif kriminal qrupların ictimai-siyasi proseslərə təsir imkanları barədə iddialar ölkə daxilində ciddi müzakirələrə səbəb olur. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “qanuni oğrular”a qarşı sərt mübarizə elan etsə də, son olay kriminal şəbəkələrin hələ də müəyyən təsir imkanlarını saxladığı barədə müzakirələri yenidən alovlandırıb.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
23
musavat.com

1Sources