"Narahat (təşvişli) bağlanma "çox sevmək" demək deyil. Bu bağlanma forması tərk edilmə qorxusu ilə sevgini nəzarətdə saxlamağa çalışmaqdır. Bu bağlanma tipinə sahib insanlar davamlı təsdiq və diqqət axtarırlar, mesajlara və marağa həddindən artıq həssas olurlar, partnyorun bir qədər məsafə saxlamasını belə təhlükə kimi qəbul edirlər. Sevilməni itirməmək üçün bəzən özlərindən belə vaz keçə bilirlər. Bu bağlanma forması çox zaman uşaqlıqda formalaşır. Məsələn, uşaq şüuraltında belə düşünə bilər: "Kaş ki, xəstələnsəm və ya başıma nəsə gəlsə, valideynlərim mənimlə daha çox maraqlanar." Çünki belə uşaqlar çox vaxt şərtli sevgi görürlər. Ya çox uğurlu olmalı, ya da çox zəif vəziyyətdə olmalıdırlar ki, diqqət və sevgi qazansınlar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloq eyni zamanda bildirib ki, bu model isə sonradan münasibətlərə də daşınır və insan partnyor tərəfindən sevilmək üçün öz ehtiyaclarından imtina etməyə başlayır. Bu insanlar çox vaxt öz dəyərlərini başqalarının onlara münasibəti ilə ölçürlər. Onlarda "mənə dəyər verirlərsə, deməli, dəyərliyəm" düşüncəsi formalaşır.
"Bu səbəbdən yalnız partnyordan deyil, bəzən əhəmiyyət vermədiyi insanlardan belə diqqət görmədikdə özünü dəyərsiz və görməzlikdən gəlinmiş hiss edə bilər. Narahat bağlanma stilinə sahib insanlar bəzən onlara həqiqətən dəyər verən partnyoru belə güvənsizlik və itirmə qorxusu ilə həddindən artıq sıxaraq münasibətdə boğucu bir mühit yarada bilirlər. Kiçik gecikmələrə və ya adi situasiyalara verdikləri böyük reaksiyalar partnyor üçün anlaşılmaz olur və bu da zamanla münasibətdə məsafə yarada bilər", - deyə Y.Əsgərova qeyd edib.
Afət Tahirqızı