EN

​“Təəssüf ki, onları deport etmək olmur…” Putinin etibarlı nümayəndəsi müsəlmanlara qarşı

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada milli və dini ayrıseçkilik meyllərinin getdikcə daha da güclənməsi müşahidə olunmaqdadır. İş o yerə çatıb ki, Rusiya İnsan Hüquqları üzrə Prezident Şurasının üzvlərindən biri açıq şəkildə “müsəlmanların Rusiyadan çıxarıla bilməməsinə” təəssüfləndiyini bəyan edib. Söhbət Vladimir Putinin qatı tərəfdarı və “pərəstişkarı”, 2024-cü il seçkisində Putinin etibarlı nümayəndəsi olmuş Marina Axmedovadan gedir. Eyni zamanda, ermənipərəst “Regnum” agentliyinin baş redaktoru da olan Axmedovanın atası əslən Dağıstandan olsa da, özü Rusiyadakı müsəlmanlara qarşı ən qatı mövqe tutan şəxslərdən biri kimi tanınır.

Son olaraq onun bir neçə gün əvvəl Sankt-Peterburqda baş verən hadisəyə dair açıqlaması ciddi əks-səda doğurub. Belə ki, Sankt-Peterburqun Primorski rayonunda polis patrulu Dadaboyev soyadlı yaşlı Özbəkistan vətəndaşını saxlayıb. O, Savuşkina küçəsindəki bir evin qarşısındakı çəmənlikdə namaz qılarkən “yaxalanıb”. Hüquq-mühafizə orqanları hadisəni “qanunsuz missionerlik fəaliyyəti” kimi təsnif ediblər. Ona ictimai yerdə icazəsiz dini mərasim keçirməkdə günahlandıraraq, 30.000 rubl cərimə tətbiq ediblər. Üstəlik, onun Rusiyadan deportasiyası barədə qərar çıxarılıb.

Həmin bu Axmedova öz “Telegram” kanalında Özbəkistan vətəndaşının namaza görə cəzalandırılmasına haqq qazandırdıqdan sonra Rusiya vətəndaşları olan müsəlmanların da deportasiya edilməsini istədiyini yazıb. O qeyd edib ki, əcnəbi müsəlmanlardansa ictimai yerlərdə namaz qılan Rusiya müsəlmanlarından daha çox narahatdır. "Təəssüf ki, onları deportasiya edə bilmirsiniz", - deyə “hüquq müdafiəçisi” təəssüflə bildirib.

Axmedova daha əvvəl, 2025-ci ilin oktyabrında Xabarovskda avtobusu namaz qılmaq üçün saxlayan avtobus sürücüsü, daha sonra küçədə namaz qılan Moskva təcili yardım sürücüsünü tənqid edərək, onlardan “donos” yazmışdı.

Axmedova bununla da kifayətlənməyib. O həmçinin ictimai yerlərdə namaz otaqlarının quraşdırılmasına da qarşı çıxıb və bunu onunla əsaslandırıb ki, guya bu, Rusiyada "islamlaşma prosesini sürətləndirəcək və gücləndirəcək".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
azpolitika.info

1Sources