EN

Esvatini nümayəndəsi: WUF 13-də öyrəndiklərimizi ölkəmizdə tətbiq etmək istəyirik

BMT-nin Dünya Şəhərsalma Forumu (WUF 13) çərçivəsində iştirakçıların fikirlərini öyrənməyə davam edirik. Forumda iştirak edən qonaqlar Bakıdakı təşkilatçılıq, müzakirə olunan mövzular və ölkələri üçün faydalı ola biləcək təcrübələr barədə fikirlərini bölüşürlər.

Esvatinidən olan iştirakçı, Vuvulane Town Board-un icraçı direktoru Londiwe Simelane-Nsibande “İki sahil”ə müsahibəsində Bakıdakı qonaqpərvərlikdən məmnun qaldığını bildirib.

O qeyd edib ki, forum müxtəlif ölkələrin inkişaf təcrübələrini öyrənmək və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından mühüm platformadır.

Londiwe Simelane-Nsibande bildirib ki, burada əldə etdiyi bilik və təcrübələri gələcəkdə öz ölkəsində tətbiq etməyi planlaşdırır: “Digər ölkələrin necə inkişaf etdiyini, müxtəlif problemləri necə idarə etdiyini öyrənmək istəyirəm. Əgər maliyyə və resurs imkanlarımız uyğun olsa, burada qazandığımız təcrübələri Esvatinidə tətbiq etməyə çalışacağıq”.

O, hazırda yaşayış məntəqələri və gecəqondu əraziləri ilə bağlı keçirilən liderlik sessiyalarında iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, forum çərçivəsində müxtəlif ölkələrin təqdim etdiyi təcrübələr Esvatinidə bu sahədə mövcud problemlərin həllinə töhfə verə bilər.
“Bu gün forumun ikinci günüdür. Ümid edirəm ki, hər gün yeni bilik və təcrübələr əldə edəcəyəm. Buradan öyrəndiklərimizi ölkəmizdə fərqli formada tətbiq etmək mümkündür”, - deyə Forum iştirakçısı əlavə edib.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
22
ikisahil.az

1Sources